ABŞ-ın müdafiə naziri Lloyd Ostin tibbi əməliyyatdan sonra yaranan ağırlaşmalara görə müalicəsini başa vuraraq bu gün Pentaqona işə qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazir yanvarın 15-də Valter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərk etdikdən sonra öz vəzifələrini evdən yerinə yetirirdi.

Dekabrın əvvəlində Ostinə prostat xərçəngi diaqnozu qoyulmuşdu. O, dekabrın 22-də “minimal invaziv cərrahi əməliyyat” keçirmişdi. Bununla belə, yanvarın 1-də Pentaqon rəhbəri ağırlaşmalarla - qarın, bud və ayaq nahiyəsində şiddətli ağrılarla xəstəxanaya yerləşdirilmişdi. Bu dəfə onda sidik yollarının infeksiyası aşkarlanmışdı.

Eyni zamanda, müdafiə naziri yanvarın 4-dək ABŞ administrasiyasını xəstəxanaya yerləşdirilməsi barədə məlumatlandırmayıb. Ostin daha sonra bəyanat yayaraq, Ağ evə məlumat verməməklə səhvə yol verdiyini etiraf edib.

Lloyd Ostin xəstəxanaya yerləşdirilməsinə dair ifadə vermək üçün Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinə çağırılıb. Bununla bağlı dinləmələr fevralın 14-nə təyin olunub.