Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalan qızı İrmak Leyla Hançerin (16) əlindən tutaraq çəkilən fotosu ilə yadda qalan Mesud Hançer, zəlzələnin ildönümündə övladının məzarını ziyarət edib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  ilk zəlzələ baş verən zaman işlədiyi çörək sexində olan Mesud Hançer dərhal qızının olduğu Ebrar yaşayış kompleksinə gedib.

Çarəsiz ata qızı İrmak Leyla Hançerin cəsədini binaların dağıntıları arasında tapıb. Bundan sonra ata bir gecə nənəsinin yanında qalmağa gedən və zəlzələyə yatağında yaxalanan qızı İrmak Leylanın əlindən tutub və cəsədinin çıxarılmasını gözləyib.

Mesud Hançerin qızının əlindən tutduğu foto zəlzələnin simvollarından birinə çevrilib.

Hadisədən sonra həyat yoldaşı və 3 uşağı ilə Ankarada yeni həyat quran Məsut Hançer faciənin ildönümündə ailəsi ilə birlikdə Kahramanmaraşa gedib.  

Qızının məzarı başına gül qoyan Hançer duyğulu anlar yaşayıb: "Biz də onunla birlikdə öldük. Hər kəsin ağrısı fərqlidir, amma övladını itirmək tamamilə fərqlidir. Qızımın əlindən tutub 2-3 saat belə gözlədim. Nənəsi ilə qalırdı, ora gəzməyə gedirdi. Getdi, geri qayıtmadı. Hər şey yarımçıq qaldı. Yəni, hər şey bitdi, hər şey əldən getdi, məhv oldu. Bütün ümidlərimiz yarımçıq qaldı. Gələndə zibil yığını ilə qarşılaşırdıq. Onun cəsədi beldən aşağı dağıntılar altında qalmışdı.  Əllərindən öpdüm, qucaqladım, amma heç bir çarə tapa bilmədik. Bizim qəlbimizdə od yanır, hələ sönməyib". 

Qeyd edək ki, Mesud Hançer qızı ilə yanaşı 7 qohumunu zəlzələdə itirib. 

Gülayə Mecid