"Mənim aktyorluğuma kimin şübhəsi varsa... Artıq bəlli yaşda və təcrübəm olduğu üçün bu kimi söhbətləri sevmirəm. Xüsusən də illərini yaxşı mənada yaradıcılığına və tamaşaçısına xərcləmiş sənətçilərə səslənirəm, biz öz danışıqlarımızda sərhəd saxlamalıyıq. Dərk etməliyik ki, bu müsahibədə adıçəkilən həmkarının yaxınları, qohumları da var, o tək deyil. Kimliyindən asılı olmayaraq, istər ağzının danışığını bilsin, istərsə də bilməsin. Danışılası o qədər söhbətlər var ki..."
"Unikal" xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Sözbaz" verilişində deyib. O, aparıcı-aktyor Azər Axşamın onun haqqında səsləndirdiyi fikirlərə belə menasibət bildirib:
"O qədər aktyor adı ilə bu sənətə soxulanlar var ki... Onlar müzakirə olunmalı halda bizim bir-birimizə bəlli yaşda bu cür müraciət etməyimizi çox qınadım və açıq deyəcəyəm, Azərin yerinə utandım. Ondan heç belə şey gözləmirdim. Bizim münasibətimiz var, dəfələrlə onunla görüşürük.
Qaldı ki, mənim aktyorluğuma, şübhəsi olan Azər daxil, istənilən aktyora yaşından asılı olmayaraq, efir vasitəsi ilə səslənib deyirəm ki, istənilən rolu qarşı-qarşıya oynayıb sizi üstələməyə hazıram. İstədiyiniz obrazı, alışdığınız obrazları demirəm, canlı yayımda, canlı efirdə göstərməyə hazıram. Amma mən sizə özümü sübut etmək məcburiyyətində deyiləm.
Bu nəyin aqressiyası, kinidir? Bu harada belə vurub partladı? Bu niyə belə oldu? Bizim bəlli addımlarımız olub. Məndən yaşca biraz böyük ola bilər, amma sənətdə mən özümdən böyük artıq bu sözdən sonra nə onu, nə də ki, ona dəstək olanların heç birini özümdən böyük saymıram. Çünki mən imtahanı hər həftə tamaşaçı qarşısında vermişəm. Köhnələr, illərini bu sənətə vermiş insanlar bir-birinə hörmət etməsə, arxada gələnlər sizi "şumlayıb" keçib gedəcək. Bunu yadınızda saxlayın. Mənimlə üzbəüz gələndə qucaqlayıb, sonra... Biraz da əqidəniz olsun. Hər kəs həddini biləcək. Yaşım da, təcrübəm də imkan verir ki, mən Allahın bu coğrafiyaya verdiyi möcüzəyəm. Bunu istəyirsiniz, qəbul edin, istəyirsiniz də etməyin. Mən öz dəyərimi yaxşı bilirəm, dostum".
Qeyd edək ki, Azər daha əvvəl açıqlamasında "Əgər Fərda Xudaverdiyevə aktyor deyirəmsə, onda mən kiməm?" deyə bildirmişdi.