Ermənistanın baş naziri Nikol Paşinyan hüquq fakültəsinin müəllimi Qrant Jilavyanı Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunan baş nazirin qərarında deyilir.

Jilavyan Ombudsman Aparatında işləyib və orada Silahlı Qüvvələrdə insan hüquqlarının müdafiəsinə nəzarət edib.

Jilavyan 1995-ci ildə anadan olub, 2020-ci ildə Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, hüquqşünaslıqla məşğul olub, cinayət prosesi və kriminologiya kafedrasında dərs deyib. 2022-ci ildən Ermənistanın Ombudsman Aparatında işləyib, burada Silahlı Qüvvələrdə insan hüquqlarının müdafiəsi və cinayət işi üzrə şöbəyə rəhbərlik edib.

Xarici Kəşfiyyat Xidmətinin yaradılması layihəsi 2022-ci ilin dekabrında təsdiqlənib. Xidmət kəşfiyyat və terrorizmlə mübarizə ilə məşğul olacaq və birbaşa hökumət başçısına tabe olacaq.