"Özünü idarə edə bilməyən ölkələri biz idarə etməliyik".

"Unikal" xəbər verir ki, bunu ABŞ-də keçmişdə bir çox araşdırmalara məruz qalan mülki təhlükəsizlik şirkəti "Blackwater"in qurucusu Erik Prins deyib. 

ABŞ-nin "Blackwater" özəl təhlükəsizlik şirkətinin qurucusu keçmiş dəniz piyadası Erik Prins ABŞ-Meksika sərhədinin təhlükəsizliyini tənqid edərək, "özünü idarə edə bilməyən ölkələri idarə etməyin vaxtıdır" deyib.

YouTube-da "Off Leash With Erik Prince" kanalında yayımlanan videoda Prins "ABŞ-Meksika sərhədinin təhlükəsizliyi" və "qanunsuz immiqrant problemi" kimi mövzulara münasibət bildirib və gündəmə gələn nizamsız immiqrant problemini tənqid edib. 

Prins bildirib ki, “əsl məsələ idarəetmənin nə demək olduğu və hansı ölkələrin yaxşı idarə olunmasıdır”.

"Əgər dünyada bu ölkələrin çoxu özünü idarə edə bilmirsə, o zaman bizim imperiya münasibətimizi yenidən mənimsəməmizin və bu ölkələrə "Siz özünüzü idarə edə bilmirsinizsə, biz edəcəyik. Bəsdir" deməyin vaxtıdır", - deyə Prins bildirib. 

Bu açıqlamaların Afrikanın böyük bir hissəsi üçün də keçərli olduğunu vurğulayan Prins bu bölgələrdəki hökumətləri korrupsiyada ittiham edib.

"Blackwater" 1997-ci ildə Erik Prince tərəfindən təsis edilib. O, 2004-cü ildə ABŞ hökuməti tərəfindən Dövlət Departamentinin əməkdaşlarını qorumaq üçün işə götürülüb. "Blackwater" işçiləri 2007-ci ildə İraqda 17 mülki vətəndaşı qəsdən öldürməkdə ittiham olunurdu.