Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya"ya müsahibəsində deyib.
Səfirin sözlərinə görə, Qarabağ məsələsi ötən ilin sentyabr ayında bağlanıb: "Bu mövzu sentyabrda hərbi əməliyyatla bağlandı. Rusiya nizamlanmada həmişə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlara maksimum dəstək verməyə hazırdır. İndi Ermənistan və Azərbaycan birbaşa olaraq sülh sazişlərinin layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi, zənnimcə, tamamilə haqlıdır. Bu, tərəflər arasında bağlanmış sülh sazişlərində, bir qayda olaraq, mövcud olan standart ifadələr və bəndlərdir. Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, mənə elə gəlir ki, bu danışıqlar kifayət qədər tez başa çatdırıla bilər".
O əlavə edib ki, Rusiya Federasiyası Moskva platformasını təqdim etməyə hazırdır: "Bu məsələdə biz azərbaycanlı tərəfdaşlarımızla çox yaxşı əməkdaşlıq edirik. Mən görürəm ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqları çox tez başa çatdırmaq əzmindədir. Ancaq bildiyimiz kimi, danışıqları başa çatdırmaq üçün hər iki tərəfin belə bir istəyi olmalıdır".
Ağarza Elçinoğlu