Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Hüseyn Zadə Ziya Hikmət oğlunun qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə "Unikal"a Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, istintaqla Ziya Hüseyn Zadənin 2022-2023-cü illər ərzində digər şirkət rəhbərləri ilə qabaqcadan əlbir olub onlara məxsus sahibkarlıq obyektlərinin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə maliyyə, bank hesabatları, gəlir və xərclərə dair çıxarışlar, ödəniş tapşırıqları, müqavilələr və saxtalaşdırmış olduqları digər rəsmi təsdiqedici sənədləri həmin banka təqdim etmələrinə, nəticədə bu şirkətlər tərəfindən külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Ziya Hüseyn Zadənin təkrarən, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsinə, habelə digər şəxsə münasibətdə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən qrantın ayrılmayacağını bilməsinə baxmayaraq guya bankın vəzifəli şəxsləri ilə qanunsuz sövdələşmə yolu ilə həmin məsələni həll etmək imkanı olmasını yalandan vəd edərək vətəndaşa məxsus külli miqdarda pul məbləğini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilib ki, toplanmış sübutlar əsasında Hüseyn Zadə Ziya Hikmət oğluna Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib və barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb.
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, daha əvvəl Ziya Hüseynzadə model sevgilisi Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunaraq həbs edilib.