Azərbaycan tərəfi Ermənistan-Azərbaycan sərhədinin qeyd olunan hissəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin Ermənistan mühafizəçiləri tərəfindən güllələnərək yaralanması barədə məlumat yayıb. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında deyib. 

Paşinyanın sözlərinə görə, bu açıqlamadan sonra Ermənistanın hərbi polisi açıqlama yayıb: "Hərbi polisimiz açıqlama yayıb ki, hadisə ilə bağlı araşdırmalara başlayıblar. Çünki müdafiə nazirinin atəşkəs rejiminin pozulmasına və təxribatlara yol verilməməsi ilə bağlı dəqiq göstərişi var. Ona görə də belə çıxır ki, əmrin pozulması halı varsa, hüquqi nəticələri olacaq". 

Qeyd edək ki, fevral ayının 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. 

Ağarza Elçinoğlu