Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb. Bununla bağlı, “Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reyslərinin artdığını məmnuniyyətlə elan edirəm. Uçuşlar həftədə 3-dən 7-yə çatdırılıb ki, bu da ayda 80-dən çox reys deməkdir. Biz bu təşəbbüsün Azərbaycan Respublikasından daha çox zəvvarın İki Müqəddəs Məscidi, həmçinin Krallığın digər bölgələrini ziyarət etməsinə şərait yaradacağını gözləyirik.

"Unikal" xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib. Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 min 380-nə çatıb.