"Azərbaycan su ehtiyatı məhdud olan ölkədir. Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi respublika ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələr ərazisindən daxil olur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Agentlik sədri bildirib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb.

"Azərbaycanın illik su təsərrüfatı balansının məlumatına əsasən, respublikanın yerüstü su ehtiyatları 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Yəni, çoxillik rəqəmlərimizin 57 faizidir. Bunun 4,8 milyard kubmetri ölkə ərazisində formalaşıb, 12,2 milyardı isə qonşu ölkələrdən daxil olub. Bu səbəblərdən ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi, su itkilərinin qarşısının alınması sistemlərinin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin yaradılması tələb olunur".

Z.Mikayılov qeyd edib ki, azad edilmiş ərazilərdə də su anbarlarının tikintiləri davam etdirilir: “Artıq Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb.  Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Hazırda Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli su sistemləri qurulur və bərpa edilir”.

Anar Kəlbiyev