Martın 1-də III Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb. Türkiyə Respublikası Prezidentinin himayədarlığı əsasında bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən Forum “Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq” mövzusuna həsr edilib.
"Unikal" xəbər verir ki, dünyanın 147 ölkəsindən 4000-ə qədər nümayəndənin qatıldığı Foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət və maraq var. Forum çərçivəsində keçiriləcək 50-dən artıq panel iclasında regional və beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr və müharibələr, terrorizm, miqrasiya, islamofobiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida ve enerji təhlükəsizliyi, süni intellektin tətbiqinin riskli nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Forumu açıq elan edərək müasir dövrdə dünyada sabitlik, təhlükəsizlik və inkişafın təmin olunmasında diplomatiyanın müstəsna önəm daşıdığını bildirib. Bu kontekstdə konstruktiv və innovativ təşəbbüslər platforması olan Antalya Diplomatiya Forumunun böyük əhəmiyyət kəsb etdiyini söyləyən H.Fidan Forumun gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib. Xarici işlər naziri qeyd edib ki, beynəlxalq münasibətlərdə çoxqütblü sistemin yarandığı hazırkı dövrdə ədalətli nizamın formalaşdırılması üçün dünyanın diplomatiyaya məxsusi ehtiyacı var.
Forumda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Dövlət başçısı müasir beynəlxalq münasibətlər sisteminin aktual məsələlərinə toxunub, bəşəriyyəti narahat edən problemlərin həllində diplomatiyanın xüsusi rolunu və əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, XXI əsr böhranlar çağına çevrilməkdədir. Belə bir vəziyyətdə beynəlxalq müstəvidə krizisləri aradan qaldırmaq üçün ən səmərəli vasitə məhz diplomatiyadır. Türkiyə Prezidenti dövlət və hökumət başçılarının, nazirlərin, regional və beynəlxalq təşkilatların təmsilçilərinin, nüfuzlu siyasətçilərin, ekspertlərin, elm və iş adamlarının, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən Antalya Diplomatiya Forumunun dünya ölkələri üçün həlli vacib problemlərin qarşılıqlı müzakirələr əsasında və dialoq müstəvisində çözülməsi baxımından önəmli platforma olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, beynəlxalq siyasətdə xaotik vəziyyətin hökm sürdüyü indiki şəraitdə Forumun "Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq" mövzusunda keçirilməsi məqsədəuyğundur.
Rəcəb Tayyib Ərdoğan həm regionda, həm də qlobal arenada sülh, sabitlik, rifah və tərəqqi naminə milli maraqlara, beynəlxalq hüquq normalarına uyğun siyasi kursun həyata keçirilməsinin strateji önəm kəsb etdiyini söyləyib. Türkiyənin xarici siyasət prioritetlərindən bəhs edən dövlət başçısı ölkəsinin ədələtli beynəlxalq nizamın yaradılmasına hədəflənmiş xarici siyasətinin konstruktiv və çoxşaxəli xarakter daşıdığını bildirib. O, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının da regional sülh və təhlükəsizliyin başlıca gündəm məsələlərindən olduğunu diqqətə çatdırıb. Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinin "dünya beşdən böyükdür" və "daha ədalətli bir dünya naminə" prinsiplərinə əsaslanan qətiyyətli siyasətini davam etdirəcəyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Forumun ilk günündə keçirilən bir sıra panel iclaslarına qatılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Forumun yüksək səviyyəli iştirakçılarının şərəfinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın adından verilən rəsmi ziyafətdə də iştirak edib.
Qeyd edək ki, YAP nümayəndə heyətinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.