Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirlıyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyindən bildirilib.
Məsləhətləşmələrdə ölkəmizin nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Macarıstan nümayəndə heyətinə isə Macarıstanın Xarici İşlər və Ticarət Nazirlıyinin Konsulluq və vətəndaşlıq idarəsinin direktoru Balazs Farkas rəhbərlik edib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəsmisi iştirak edib.
Məsləhətləşmələr zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin Macarıstan və Azərbaycan arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin və bu məqsədlə vətəndaşların hüquq və vəzifələrinin qorunması istiqamətində zəruri tədbirlərin həyəta keçirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər arasında konsulluq məsləhətləşmələrininan növbəti iclasının 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.