Avropa İttifaqının (Aİ) Gürcüstanla bağlı siyasətində ciddi nöqsanlar var. Ukrayna xalqının çəkdiyi əziyyət və iztirabın sonu bizim üçün örnəkdir. Bu insanlara qarşı emosional empatiyamız var.

"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, Gürcüstan cəmiyyətini sanksiyalar tətbiq etməyə çağıran, lakin təhlükəsizlik təminatı verməyən hər bir şəxs ölkəmizə qarşı vicdansız münasibət göstərir.

Ş.Papuaşvili deyib: “Rusiyaya qarşı sanksiyaların tətbiqi bizim xalqımızın maraqlarına cavab vermir. Əgər biz ticarətə sanksiyalar tətbiq etsək, Rusiya hər şeyi tamamilə blok edə bilər. Bu isə bizim iqtisadiyyatımızın 18 faizdən çox tənəzzülü deməkdir. Bundan əlavə, eskalasiyaya, müharibə təhlükəsinə və s. yol açır”.

Parlament sədri bildirib ki, Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi Avropa İttifaqının marağındadır: “Rəsmi Tbilisi hesab edir ki, bu, gürcü xalqının xeyrinə deyil. Bizə Avropa İttifaqı və ya başqa bir ölkədən Rusiyaya qarşı sanksiyalar tətbiq edin deyənlərə izah edirik ki, bizim iqtisadi risklərimiz var. Biz yüngül sanksiya tətbiq etsək belə, Rusiya bizə genişmiqyaslı embarqodan istifadə edə bilər”.

O deyib: “Biz Avropa İttifaqından soruşuruq ki, bu itkimizi bizə ödəyəcəksinizmi? Onlar bizə deyirlər ki, yox. İkincisi, bu, eskalasiyaya gətirib çıxaracaq və biz Rusiya ilə müharibə təhlükəsi ilə üzləşə bilərik. Əgər qadınlarımızı, uşaqlarımızı və qocalarımızı təhlükəyə atmalı olduğumuz zaman Avropa İttifaqının nə iqtisadi, nə də təhlükəsizlik çətiri bizi əhatə etmirsə, bu, vicdanlı davranış deyil”.