Ermənistan KTMT-yə üzvlüyünü dondurduğunu elan edir və bunu niyə etdiyini demir. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu separatçı rejimin dövlət naziri olmuş Samvel Babayan deyib. 

Erməni siyasətçinin sözlərinə görə, bu barədə o, öz fikrini açıq və yazılı şəkildə hazırkı hakimiyyətə təqdim edib: "Səbəb odur ki, Belarus KTMT-nin üzvü olmaqla, Azərbaycana "Polonez" və digər silahlar verib. Yəni Belarus maraqlı tərəfdir və həmin strukturda Azərbaycanın maraqlarını lobbi edir. Mərkəzi Asiya ölkələri də eyni vəziyyətdədir, Azərbaycan həmin ölkələrə 20 milyarddan çox sərmayə qoyub. Onlar Azərbaycanın qələbəsini təbrik edirlər. Hər şey etdilər ki, Rusiya və KTMT 2020-ci il müharibəsində heç bir mövqe ortaya qoymasın. Yəni orada bizim müttəfiqimiz yoxdur. Bizim Rusiya ilə münasibətlərimiz var, qalanları daha çox azərbaycanpərəstdir. 6 nəfərdən 4-nün sizə qarşı olduğu ailədə belə bir sual yaranır: sən orada nə edirsən?"

Babayan həmçinin təklif edib ki, razılaşmalar dəyişsin: "Bütün bunlardan sonra KTMT-də qalmağımız üçün daha nə baş verməlidir, niyə qalmalıyıq, nə etməliyik, hansı problemi həll etməliyik? Aydın deyilmi ki, Rusiyanın istəyi olsa belə, həmin dövlətlər Ermənistanın sərhədlərini qorumaq üçün qoşun yeridilməsinin əleyhinədirlər? Ona görə də mən onlara 2021-ci ildə Rusiya ilə birbaşa dialoqa oturmağı təklif etdim". 

Ağarza Elçinoğlu