"Ailə institutunda qohum nikahlarına üstünlük verilməsinin bir neçə səbəbi var. Burada bir-birini başa düşmək, tanış olmaq, daha az iqtisadi yük kimi məsələlər üstünlük təşkil edir. Düşünürlər ki, ailədə problemlər olarsa, bunu həll edə biləcəklər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc ictimai dinləmədə deyib.

O bildirib ki, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, qadınlar üçün ali təhsilin olması vacibdir: "Eyni zamanda, genetik pozuntularla bağlı məsələ ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Xüsusilə qohum nikahlarında qan xəstəliklərinin artması məsələsi diqqətdə saxlanılmalıdır. Qohumluqla bağlı məsələdə dini qurumların fikirlərinə də ehtiyac var. Test nəticələrinin məxfi etik tərəflərini nəzərə alaraq, onların adsız formatda böyük məlumat mərkəzlərinə yayılması mühümdür".