"Bu gün istər Azərbaycana idxal olunan, istərsə də ölkədə istehsal edilən dərmanların keyfiyyətinə nəzarət ciddi şəkildə artırılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu da keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısını alacaq.

Ə.Əmiraslanov əlavə edib ki, keçən ilin iyun ayında qəbul olunan “Dərman vasitələri haqqında” qanunun icrası ilə problemlərin çox hissəsi həllini tapıb: “Təbii ki, problemlərin hamısını qısa müddətdə həll etmək mümkün deyil, lakin bu istiqamətdə müsbət dinamika hiss edirik. Seçici qəbulunda sakinlər arasında hələ də qiymətlərin yüksək olması, eləcə də əsasən bölgələrdə vaxtı keçmiş dərman vasitələrinə rast gəlinir. İnanıram ki, yaxın gələcəkdə də bu məsələlər öz həllini tapacaq. Elektron reseptlə bağlı bölgələrdə əhalinin məlumatlılığı aşağı səviyyədədir. Bu məsələdə maarifləndirmə işlərini gücləndirmək lazımdır”.