"Avtomobillərin bahalı nömrələrini oğurlayıb sonradan sahibi ilə bazarlıq edən adamlar kimdirlərsə, qanunvericilikdə və təcrübədə sovet dövründən qalan lazımsız və çoxdan ləğv edilməli müddəadan istifadə etməyə çalışırlar".

"Unikal" xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, onların "bazar"ını bağlamaq üçün itən və ya oğurlanan nömrənin əvəzinə elə həmin nömrəni təkrar çap edib vermək lazımdır:

"İndi bilirlər ki, nömrənin biri olmasa, avtomobil sahibi məcbur olub, tam başqa hərf və rəqəmləri olan nömrə alacaq, ona görə də bazarlığa cəsarət edirlər. Problemi kökündən həll etmək lazımdır. SSRİ dağılandan sonra bütün respublikalar bu lazımsız qaydanı ləğv edib. Bunun üçün qanunda cəmi 2-3 sözdən ibarət dəyişiklik edilməlidir. İtən və ya oğurlanan nömrənin yenidən çap edilməsi heç bir problem yarada bilməz. Hər yer kamera və digər nəzarət sistemləri ilə doludur. Eyni nömrənin təkrar çap edilməməsinin heç bir məntiqi yoxdur".