Hər il bütün dünyada Ümumdünya Böyrək Günü kimi qeyd olunur. Təqdirəlayiq haldır ki, hər il bu təqvim günü Azərbaycanda da keçirilir. Zaman keçdikcə ölkələr bu prosesə qoşulur. Hazırda dünyada 88 ölkə bu günü qeyd edir. Həmin prosesə qoşulan ölkələr tədricən artmaqda davam edir.

"Unikal" xəbər verir ki, bu sözləri TƏBİB-in Davamlı tibbi inkişaf şöbəsinin müdiri Emil İsgəndərov Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında “Ümumdünya Böyrək Günü”ə həsr olunmuş elmi-praktik konfransda çıxışı zamanı söyləyib.

E.İsgəndərov bildirib ki, bu günün həm elm, həm də təhsil sahəsində böyük əhəmiyyəti var, eyni zamanda, əhali arasında böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər arasında da maarifçiliyi özündə əks etdirir.

“Hazırda yer üzündə 850 milyondan çox insan böyrək xəstəliklərindən əziyyət çəkir: “2019-cu ildə 3,1 milyondan çox insan məhz böyrək xəstəlikləri səbəbindən dünyasını dəyişib. Azərbaycanda da bu xəstəliklərdən əziyyət çəkənlərin sayı çoxdur”, - deyə Emil İsgəndərov əlavə edib.