Millət vəkili Vahid Əhmədov və Quba rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov Quba rayonunun Tüləkəran və ətraf kəndlərinin sakinləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, izdihamlı keçən görüşdə rayon icra hakimiyyətinin kollektivi, media nümayəndələri də iştirak edib.
Millət vəkili Vahid Əhmədov və Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, prezident İlham Əliyev tərəfindən bərpası üçün vəsait ayrılan Amsar-Əski İqrığ-Gültəpə-Möhüc-Aşağı Tüləkəran-Yenikənd-Tülər-Yuxarı Tüləkəran avtomobil yolunda görülən işlərlə tanış olub, işlərin ilin sonunda tam olaraq yekunlaşacağı bildirilib. Kənd sakinləri, dövlət başçısı İlham Əliyevin Quba rayonuna göstərdiyi qayğını bir daha yüksək qiymətləndirərək Vahid Əhmədovdan onların təşəkkürlərini prezidentə çatdırmağı xahiş edib. Vahid Əhmədov kənd sakinlərinin təşəkkürlərini çatdıracağını bildirərək, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı üçün dövlət büdcəsindən böyük vəsaitlərin xərcləndiyi bu dövrdə, yolun təmiri üçün ayrılan vəsaitin, prezident İlham Əliyevin Quba rayonuna olan diqqət və qayğısının göstəricisi olaraq vurğulamışdır.
Millət vəkili, daha sonra Elm və Təhsil NazirliyininQuba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən "Gəncliyimizin baharı" adlı Novruz festivalında iştirak edib. Olduqca maraqlı təşkil olunan festivalda Azərbaycanın müxtəlif bölgələrinə aid olan milli yemək, çərəz və şirniyyat növləri nümayiş etdirilib, müxtəlif idman növləri üzrə idmançılar öz məharətlərini göstərib.
Günorta saatlarında deputatın Quba şəhərində yerləşən ofisində seçiciləriylə təkbətək qəbulu baş tutub. Quba, Xaçmaz, Şabran və ətraf rayonlardan gəlmiş 114 nəfər sakin, deputat tərəfindən fərdi qaydada qəbul edilərək, onların şikayətləri dinlənilib. Qəbul zamanı qaldırılan məsələlərin əsasını bank məsələləri, evlərin təmirinə köməklik, məhkəmə qərarlarının icrası zamanı yaranan qanun pozuntuları, sosial yardımların və əlilliyin təyini ilə yaranan çətinliklər təşkil edib. Bu dəfəki qəbulda, işsizlik problemi ilə əlaqədar müraciət edən vətəndaşların sayında çoxluq qeydə alınıb. Quba rayon İcra Hakimiyyətinin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlikləri ilə əlaqə saxlanılaraq bir çox məsələlər yerindəcə həllini tapıb, həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müraciətlərin hazırlanması üçün köməkçiyə tapşırıqlar verilib.
Günün ikinci yarısında Quba-Yay şadlıq sarayında millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə iftar süfrəsi təşkil olunub. İftar süfrəsində Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri ,ictimaiyyət və digər dini konfessiyaların nümayəndələri ,şəhid və qazi ailələri iştirak edib. İftar süfrəsi rayonun axundu tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.Ramazan ayının mərhəmət, bərəkət, dostluq və həmrəylik ayı olduğu qeyd edilib. İftar süfrəsində iştirak edən şəhid ailələri və qazilər,Vahid Əhmədova onlara göstərdiyi diqqət və qayğıya görə bir daha təşəkkür edib. Sonda, iftar süfrəsində iştirak edən hər kəsə minnətdarlığını bildirən millət vəkili,Allahdan tutulan oruc və edilən duaların qəbul edilməsini niyyət edib.