"Tənqid ümumi işin xeyrinə olsa da, onu heç kim xoşlamır. Çünki hamıda mənfi emosiyalar yaradır. Amma problemlərdən, çatışmazlıqlardan danışılmalı, nöqsanların aradan qaldırılması üçün təkliflər verilməlidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, tənqid olmasa, müzakirələrin gedişi parlamentin hökumətə hesabatı təəssüratı yarada bilər: "Hesabat ilində sahibkarların incidilməsi davam edib, mülkiyyətin qorunması, qanunçuluğun gücləndirilməsi istiqamətində ciddi uğurlar əldə edə bilməmişik. Bu günlərdə eşitdi ki, 40 minə qədər taksinin ləğv olunması istənilir. Hesab edirəm ki, Bakı şəhərində ən azı ictimai nəqliyyatı yaxşılaşdırmaq lazımdır. Paytaxtda minimum 3000 avtobus olmalıdır. Bu avtobsuların sayı olduqca azdır. Ona görə də belə qərarın qəbul edilməsinə yol verilməli deyil".
Anar Kəlbiyev