Çin ilə Azərbaycan arasında əlaqələr Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən bəri həmişə yaxşı olub və bundan sonra da bu münasibətlər yüksələn istiqamətdə inkişaf edəcək. Azərbaycan Çin ilə bütün sahələrdə əməkdaşlığın inkişafına qətiyyətlə sadiqdir.
“Unikal” xəbər verir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, xüsusən də Azərbaycan tərəfinin “vahid Çin” siyasətini dəstəkləməsi nəzərə alınmaqla, siyasi əlaqələr həmişə ən yaxşı səviyyədə olub.
İqtisadi əlaqələrə gəlincə, H.Hacıyevin sözlərinə görə, Çinlə əməkdaşlıq və Çin şirkətlərinin fəal iştirakı Azərbaycanın uğur hekayəsinin tərkib hissəsi olub: “Azərbaycan “yaşıl inkişaf” və rəqəmsal transformasiyanı özünün milli prioritetlərindən biri kimi müəyyən edib. Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Orta Dəhliz əlavə əhəmiyyət kəsb edir. Həmçinin, bir çox digər sahələrdə, o cümlədən mədəni, humanitar və beynəlxalq institutlarda əməkdaşlıqda Çin və Azərbaycanın baxışları üst-üstə düşür. Ənənəvi əlaqələrə, əməkdaşlığa və dostluğa əsaslanaraq, biz bu əməkdaşlığın davamını gözləyirik”.
Çinə səfərinin yekunlarından danışan H.Hacıyev vurğulayıb ki, bu, ikitərəfli münasibətlərin davam etdirilməsinə və genişlənməsinə daha da inam verir: “Mən çinli tərəfdaşlarımıza minnətdaram ki, Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək niyyəti Çindən də eyni cavabı alır”.