21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşüb.
F qrupunda sonuncu pillədə qərarlaşan Samir Əliyevin yetirmələri liderlə görüşdə də aciz qalıb. Keçirdiyi bütün matçlarda qələbə qazanan rəqib Bakıda da qalib gəlib.
“Azərsun Arena”dakı matçın ilk 45 dəqiqəsində iki qol vuran Ukrayna millisi fasilədən sonra hesabı artırıb. Dörd gün əvvəl İngiltərəyə (1:5) uduzan millimiz ardıcıl ikinci böyükhesablı məğlubiyyətini alıb – 0:3.
Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.