İrandakı seçkilər nə vəd edir?
21:46 15-05-2013
İQTİSADİYYAT
İrandakı seçkilər nə vəd edir?
Utopiya gözləməyinə dəyərmi?
Qonşu İranda gedən siyasi proseslər bütün dünyanın diqqət mərkəzindədir və bu da təsadüfi deyil. Çünki İranın inadla və bəlkə də, haqlı olaraq ardıcıllıqla gerçəkləşdirdiyi nüvə proqramı həm bu dövlət üçün, həm onun yaxın qonşuları üçün, elə dünyanın bir sıra aparıcı və qeyri-aparıcı dövlətləri üçün xoşagəlməz problemlər yaradıb və yaratmaqdadır.
İndiki mərhələdə isə dünyanın və eləcə də Azərbaycanı ən çox maraqlandıran məsələlərdən biri İranda keçiriləcək prezident seçkiləridir.
Ekspertlərin fikrincə, mayın 11-də İranda prezidentliyə namizədliyin irəli sürülməsi prosesi başa çatdı. Təkcə son gün 320 nəfər namizədliyini irəli sürüb ki, bununla ümumi say 686 nəfərə çatıb. Təbii ki, son qərarı mayın 16-dək Nigəhban Şurası(Konstitusiyaya Nəzarət) verəcək. Bu quruma da 2009-cu il prezident seçkilərində mühafizəkar qanadı dəstəkləyən Ayətullah Cənnəti rəhbərlik edir. Yəni indiki seçkiləri 4 il öncə ilə müqayisə etdikdə də böyük dəyişikliyin baş verəcəyinə inanmaq qeyri-məntiqi görünür. Bir halda ki, ötən seçkilərdə islahatçıların daha qabarıq simaları iştirak etdi. Hazırkı namizədlərdən Haşimi Rəfsəncaninin seçki marafonuna qoşulması seçkiyə nəsə rəng qata bilər. Amma onunla Ayətullah Xameneyi arasında olan ixtilaf seçilmək üçün onun şansını zorlayır. Son günlər başqa bir namizəd, Tehranın hazırkı meri Qalibaf da bu ixtilafın olması barədə hətta Xomeyninin da vaxtilə nigaran olduğunu dilə gətirdi. Əslində Haşimi Rəfsəncaninin qeydiyyata alınması belə sual işarəsi altındadır. Mühafizəkarların namizədlərindən olan dini rəhbərin müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti də seçkidə iştirakını belə əsaslandırıb: "Seçkidə ona görə iştirak edirəm ki, rəhbərlə bir sırada olmayanların hakimiyyəti ələ keçirməsinə mane olum". Digər tərəfdən hazırkı prezident Əhmədinejadın dəstəklədiyi, hələ vaxtilə özünün 1-ci müavini təyin etdiyi, lakin böyük qalmaqallara səbəb olduğu üçün sonradan PA-nın ofis rəhbəri təyin etdiyi İsfəndiyar Rəhim Məşayi faktorunu da nəzərə almalıyıq. Bu adam uzun müddətdir ki, mühafizəkar ruhani kəsimlə açıq konfrontasiyaya səbəb olan bəyanatları ilə yadda qalıb. Son günlərədək Əhmədinejad özünün ostan səfərlərində və bəyanatlarında açıq aşkar öz kadrını , yəni daha çox irançılıq mehvərinə təkid edən Məşayini təbliğ edib. Əslində Məşayi bir neçə ildir ki, özünü prezident seçkilərinə hazırlayırdı. Namizədliklərini irəli sürənlərin içərisində Səid Cəlili, S.Əbuturabifərd, Mənüçöhr Müttəki, Həsən Ruhani, Baqiri Lənkərani, Möhsün Rzayi, habelə islahatçılardan Məhəmmədrza Arif kimi adlar da var. Əslində hakimiyyətin bu seçkilərdə özünün maksimum daha çox namizədi ilə iştirak edəcəyi gözlənilir. Seçkidə namizədlərin bolluğu təbii ki, seçki aktivliyinin təmin olunmasına da xidmət edən faktordur. Çünki bu ilki seçkilər cinahların mübarizəsi baxımından 2009-cu il seçkilərilə fərqli atmosferdə keçiriləcək.
Analitiklər hesab edirlər ki, 2005 ci il seçkilərində əslən Marağadan olan o vaxtkı İdman Komitəsinin sədri Möhsün Mehrəlizadə də namizəd idi. Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında birinci oldu, amma ölkə səviyyəsində sonuncu. Əslində Mehrəlizadə güneyli soydaşlarımızın namizədi deyildi, amma bununla belə milli mənsubiyyətinə görə Azərbaycan vilayətlərində kifayət qədər səs qazana bildi. Hakimiyyət də bu faktoru bilir. Yəni hələ inqilabın ilk illərindən Mehdi Bazarqanın baş nazirliyi dönəmindən son baş nazir Mirhüseyn Musəviyədək, eyni zamanda Xameneyinin prezidentlikdən rəhbər təyin edilməsinədək bu amil bu və ya digər şəkildə nəzərə alınmışdır. Təbii ki, hakimiyyətdə təmsil olunan etnik türklər milli maraqlara etinasız və quruluşun mənafeyinin keşiyində dayananlar olmuşlar. İrandakı mövcud seçkilərdə nəinki Güneyin haqlarını, əslində bütün millətlərin haqlarını müdafiə edə biləcək bir namizədin də qeydiyyata alınması belə mümkün deyil. İrandakı seçki qanunvericiliyində "quruluşa sədaqətini və bağlılığını əməli şəkildə göstərməyənlərin" namizədliklərinin qeydə alınmaması üzrə müvafiq bənd istənilən namizədin qeydiyyata alınmaması üçün kifayət edəcək bəhanədir. Ona görə hər hansı "utopiya"ya qapılmaq mənasızdır.
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00