Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Azərbaycan Boks Federasiyasından "Unikal"-a bildirilib ki, 5 gün davam edən yarışda 11 ölkənin 121 idmançısı qüvvəsini sınayıb.
Yığmamızın heyətində həlledici görüşdə Həsən Məlikov (48 kiloqram) qazaxıstanlı Temirtaş Jussupovla qarşılaşıb. Rəqibini 3:2 (30:27, 28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən boksçumuz qızıl medala sahib olub. 57 kiloqramda Şamil Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk raunddan sonra Xudoynazar Fayzovun (Özbəkistan) döyüşdən imtina etməsi səbəbindən boksçumuz qalib adına yiyələnib.
Onların uğurunu Tayfur Əliyev (63,5 kiloqram) də təkrarlayıb. Avropa Oyunlarının mükafatçısı finalda Abdullah Madaminovdan (Özbəkistan) güclü olub – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Digər boksçularımızdan Əzrək Bəbirov (60 kiloqram), Murad Allahverdiyev (86 kq) və Alfonso Dominqes (92 kiloqram) ikinci yeri tutublar.
Beləliklə, Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla başa vurub. Komandamızın heyətində daha öncə Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) birinci, Mehparə Məmmədova (48 kiloqram), Günel Rəhimova (50 kiloqram), Lalə Namazlı (63 kiloqram) ikinci, Anaxanım İsmayılova (50 kiloqram), Nərgiz Zeynalova (54 kiloqram), Məhsəti Həmzəyeva, Aysu Dərvişova (hər ikisi 60 kiloqram), Malik Həsənov (63,5 kiloqram), İlqar Salahov (67 kiloqram), Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kiloqram), Sərxan Budaqovla (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) üçüncü olub.
Millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabında ikinci yeri tutub. Birinci yerdə Özbəkistan (5-7-6) qərarlaşıb, “üçlüy”ü isə Qazaxıstan (3-2-1) qapayıb.
Turnirdə Şamil Əsgərov (Azərbaycan) ən yaxşı boksçu, Nəsrəddin Məmmədov (Azərbaycan) ən yaxşı hakim seçilib.