"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
"Unikal" xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
"Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə yox ki, "Qəbələ" Premyer Liqada qalmaq üçün mübarizə aparır. "Qəbələ" yaxşı komandadır. Təcrübəli baş məşqçisi var. İlk hissə elə də maraqlı keçmədi. Futbolçular yaxşı nəfəs ala bilmirdilər. Kilan Lebon şəxsi keyfiyyətləri sayəsində gözəl qol vurdu. İkinci hissədə açıq oyun gedirdi və hər iki tərəfdə səhvlər var idi. Biz də qol vura bilərdik, rəqib də. Qələbə qazandıq. Amma bir az bəxtimiz gətirdi".
Azərbaycanda ən yaxşı meydança buradadır. Məşq üçün də keyfiyyətli meydançaları var.
Çempionatda bütün komandalar demək olar ki, eyni səviyyədədir. Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyətimiz bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq. Son iki oyunda qol buraxmamışıq. Komanda 11 oyunçu ilə müdafiə olunur.
Emin Mahmudov bir az ağrı hiss edirdi. Emini növbəti oyuna saxlamaq istədik”.