"ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək görüşü düzgün hesab etmirəm. Bu, qızışdırma xarakteri daşıyan görüşdür".
Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, bu görüş Ermənistan üçün ciddi problem yaradır:
"Ermənistan-Rusiya münasibətləri çox gərgindir. Həmin görüş isə odun üzərinə bir az da benzin tökməkdir. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin müzakirəsinin getdiyi vaxtda Ermənistanın çağırılması və Azərbaycanın dəvət edilməməsi, Cənubi Qafqaza aid hər hansı bir məsələnin müzakirə olunmaması separatizmdir. Orada tək Ermənistanın məsələsi müzakirə olunacaqsa, əlbəttə, hər hansı təşkilat istənilən ölkəni dəvət edə bilər. Lakin Ermənistan-Azərbaycan arasında hər hansı sülh müqaviləsinin imzalanması və digər məsələlərə toxunulacaqsa, burada Azərbaycanın rəyi olmalıdır. Bu gün regionda əsas söz sahibi Azərbaycandır. Hesab edirəm ki, bu görüş təxribat xarakterlidir və nəticəsi bəllidir. Bir müddət əvvəl Avropanın müşahidəçiləri, əslində isə kəşfiyyatçıları Ermənistan-Azərbaycan sərhəddində bir neçə ay müşahidə apardılar. İndi orada səngərlərin tikilməsinə başlayıblar və texnika yığırlar. Hər hansı təxribat törətməyə çalışacaqlar ki, Azərbaycan buna qarşı silahdan istifadə etsin və bunlar məsələ qaldırsınlar.
Naxçıvana atəş açmağa başlayıblar. Bunlar hamısı təxribatdır. Azərbaycanın güclü ordusu var və təxribatların qarşısı alınacaq. Fransanın 5-6 konserv qabı verməsi və yaxud Hindistandan ikinci nəsil raketlərin gətirilməsi ilə Ermənsitan heç bir şey edə bilməyəcək. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Bununla yanaşı, Ermənistana elə bir zərbə vurulub ki, onlar bundan sonra 20 il heç bir ölkə ilə müharibə apara bilməzlər".
Anar Kəlbiyev