Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və Monteneqronun Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
"Unikal" xəbər verir ki, bu bardə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Montenegro nümayəndə heyətinə isə Monteneqronun Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə Baş Direktoratlığının direktoru vəzifəsini icra edən xanım İvana Dokanoviç rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycanın Serbiyadakı, eyni zamanda, Monteneqro və Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan Respublikası ilə Monteneqro arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Görüş zamanı nümayəndə heyətləri iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Məsləhətləşmələr çərçivəsində iki ölkənin daxili işlər, miqrasiya, əmək və sosial müdafiə sahələri üzrə səlahiyyətli dövlət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi təklifləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti mərhələsinin 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.