Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.
“Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”, - deyə bəyanatda vurğulanıb.
Həmçinin əlavə olunub ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfəri ilə işğal olunmuş torpaqların azad edilməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb:
“Bu tarixi fürsətin uğurla nəticələnməsinə çox yaxın olduğumuz bir vaxtda üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması, prosesə zərər vurmamaq üçün ehtiyatlı olması daha da vacib olub”.