Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə komitənin işğaldan azad edilmiş ərazilərə səfər edən məsul əməkdaşlarına ilkin tibbi yardım üzrə maarifləndirici təlim keçirilib. 

"Unikal" xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimləri tərəfindən keçirilən iki günlük təlim hər hansı bədbəxt hadisə baş verərkən zərərçəkənlərə ilk yardım göstərilməsinə həsr olunub.

İştirakçılara qəfil ürəkdayanma, bayılma, zədələnmə halları, qanaxmalar zamanı həkim gələnədək, dərman və digər köməkçi vasitələr olmadan, ilk yardım göstərmək və ürək-ağciyər reanimasiyası qaydaları izah edilib və əyani şəkildə tətbiq olunub.  

Bildirilib ki, ölkə və dünya praktikasında düzgün ilkin tibbi yardım göstərilməsi nəticəsində minlərlə insanın həyatının xilas edilməsi faktı dəfələrlə qeydə alınıb. 

Təlim iştirakçılarına Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində çap edilmiş “Məcburi köçkünlər üçün mina təhlükəsizliyi” maarifləndirici broşürləri paylanıb, mövzu ilə bağlı müvafiq məlumatlar verilib.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə maarifləndirici tədbirlər mütəmadi şəkildə həyata keçirilir. Bu ilin əvvəlində də Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazidə məktəblilər üçün mina təhlükəsinə dair maarifləndirici təlimlər keçirilib.