Zakir Qaralovun Lənkəran səfərində baş verənlər...
02:12 19-05-2013
İQTİSADİYYAT
Zakir Qaralovun Lənkəran səfərində baş verənlər...
Mayın 17-də baş prokuror Zakir Qaralov Lənkəran şəhər prokurorluğunda vətəndaşların qəbuluna başlayıb. Baş prokuror Lənkəran rayon icra başçısı Taleh Qaraşovla birlikdə prokurorluğun qarşısına gəlib.
Qəbul saat 11-a təyin olunsa da, vətəndaşlar 1 saat əvvəldən prokurorluq binası qarşısına toplaşıblar. Rayona ezam olunmuş əməkdaşlarımız xəbər verir ki, Z.Qaralov qəbuldan əvvəl vətəndaşların qarşısına çıxaraq hər birini ayrı-ayrılıqda dinləyəcəyini bildirib.
Baş prokuror qəbulun qaydası barədə jurnalistlərə məlumat verərək qeyd etdi ki, ölkə başçısının göstərişi əsasında bölgələrə səfər edir, vətəndaşların şikayətlərini yerindəcə dinləyir. Onun sözlərinə görə, şikayətçilər Bakıya gəlməməlidir: "Prezidentin tapşırığı var ki, vətəndaşların şikayətini rayonlarda dinləyək. Gəlmişik hər birinizin şikayəti ilə maraqlanacağıq". Daha sonra qəbul başladı. Z.Qaralov jurnalistlərə müraciət edərək bildirdi ki, şikayətçiləri mətbuatın iştirakı olmadan qəbul edəcək: " Qəbuldan çıxan istənilən vətəndaşdan jurnalistlər müsahibə ala bilərlər".
Qəbuldan çıxan ilk şikayətçi - Lerik sakini Əhməd Abıyev söylədi ki, baş prokurora "Kapitalbank"ın Lerik filialının rəhbərindən şikayətlənib: " Mən sovet əmanətimi almaq üçün banka müraciət etmişdim. Əmanət kitabçamı itirmişdim. Ona görə də, bankın müdiri İlham Dadıyev kömək etməyə söz verdi. Amma dedi bir şərtlə ki, əmanətin 50 faizi sənin, 50 faizi mənim. Bankda komissiya var, ora da müraciət etdim. Dedilər ki, burada pulun var və heç kim buna dəyə bilməz. 20 min rubl əmanətim varıydı, mənə 1500 manat veriləcəkdi. Bankın müdirinə dedim ki, sənə 200 manat verirəm, əmanətimi ver. O da vermədi. Prezidentə, Milli Məclisə teleqram vurmuşam. Baş prokuror söz verdi ki, məsələ araşdırılacaq".
Qəbuldan çıxan şikayətçi Zübeydə Balayeva bildirdi ki, oğlu Bahadır Balayev Sumqayıtda adam bıçaqlayıb və buna görə, 8 illik həbs cəzası alıb: "Zakir Qaralovdan xahiş etdim ki, yaşlı adamam, oğlumun yanına gedib-gələ bilmirəm. Bunu nəzərə alıb oğlumun cəzasının yüngülləşdirilməsində mənə köməklik etməsini xahiş etdim".
Z.Qaralovun qəbulundan çıxan şikayətçi Minarə Ağayeva söylədi ki, oğlu Aftandil Ağayev sürücü işləyib: " Deməli, hadisə Cəlilabad ərazisində baş verib. Oğlumun maşınına 1 kiloqram narkotik qoyub şərləyib tutublar. Oğluma böhtan atıblar. 9 aydır yollarda qalmışıq. Yer qalmayıb ki, müraciət etməyək. Dərdimizə çarə yoxdur. Uşaqları var, 14 baş ailəyik. Dolana bilmirik. Dərdimizə çarə yoxdur. Bir ana kimi baş prokurora yalvardım. Zakir müəllim də söz verdi ki, araşdırılacaq".
Əməkdaşlarımız xəbər verir ki, hazırda qəbul davam edir. 10 gün əvvəldən qəbula düşəcək vətəndaşlar müəyyənləşdirilib. Buna baxmayaraq Lənkəran rayon məhkəməsinin həyətində də xeyli sayda şikayətçi toplaşıb. Onlar baş prokurorun qəbuluna düşmək üçün qeydiyyata yazılırlar. Baş prokuror Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarından olan şikayətçiləri tək-tək qəbul edib.
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07