Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasından danışıb.
"Unikal" xəbər verir ki, bu barədə o, "Azadlıq" radiosunun erməni bürosuna açıqlama verib
Klaar Avropa İttifaqının Ermənistan-Türkiyə prosesini dəstəklədiyini, nümayəndələrin yaxın gələcəkdə görüşəcəklərinə ümid etdiyini bildirib.
“Həm cənab Rubinyan, həm də cənab Kılıçla ünsiyyət qurarkən hər iki tərəfdən bu istiqamətdə irəliləyiş əldə etməkdə maraqlı olduğunu eşitdim. Avropa İttifaqı şübhəsiz ki, bunu dəstəkləyir. Ona görə də mən bir daha ümid edirəm ki, yaxın gələcəkdə bu proses həqiqətən də irəli gedəcək və Ermənistan naminə, Türkiyə naminə, region naminə öz nəticəsini verəcək”, - deyə Aİ nümayəndəsi qeyd edib.
Qeyd edək ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsi üzrə xüsusi nümayəndələr indiyədək dörd rəsmi görüş keçirib, sonuncu görüş 2022-ci ilin iyulunda Vyanada olub. Həmin görüşdə tərəflər üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin tez bir zamanda açılması barədə razılığa gəliblər. Lakin sərhəd hələlik açılmayıb.
2022-ci ildən bəri Ermənistan-Türkiyə münasibətlərində başqa irəliləyiş qeydə alınmayıb. Türkiyənin Ermənistanla münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç 2024-cü ildə Antalyada keçiriləcək beynəlxalq diplomatik forum çərçivəsində Ermənistan tərəfi ilə növbəti görüşün İrəvanda keçirilməsini təklif edib. Hələlik bununla bağlı qərar yoxdur.