Baş nazirlik mübarizəsi yenidən qızışır
19:29 21-05-2013
İQTİSADİYYAT
Baş nazirlik mübarizəsi yenidən qızışır
Hökumət rəhbəri postuna iddialılar hərəkətə keçib
Azərbaycanda qısa fasilədən sonra ölkənin ikinci şəxsi - baş nazir olmaq uğrunda bəzi oliqarxların mübarizəsi yenidən başlayıb. Belə ki, prezident seçkilərinin yaxınlaşması ilə müəyyən iri məmurlar seçkidən sonra formalaşdırılacaq yeni hökumət kabinetinin rəhbəri postuna təyinat almaq üçün imkanlarını gizli şəkildə səfərbər etməyə başlayıblar. Bu barədə "Unikal"a etibarlı mənbədən məlumat verilib.
Mənbə bildirib ki, baş nazirlik postu indiyədək Azərbaycanda uğrunda ən ciddi mübarizənin getdiyi, zaman-zaman bir çox oliqarxların bu vəzifəyə yüksəlmək üçün iqtidariçi savaşlara girdiyi mühüm bir postdur: "İndiyədək bu vəzifəyə iddia edən heç bir yüksək çinlinin arzusu reallaşmayıb. Bəziləri hətta müxtəlif dövrlərdə bu posta sahiblənmək naminə olduqca açıq və amansız mübarizəyə girişmələrinin qurbanı olublar. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində başqa bir nazirlə - Əli Nağıyevlə baş nazirlik uğrunda sözün həqiqi mənasında savaşırdı. Hazırda isə reallıq ondan ibarətdir ki, onların hər ikisi vurulmuş duruma düşdülər. Əli İnsanov artıq 8 ilə yaxındır ki həbsxanadadır, Əli Nağıyev isə səfirlik adı ilə siyasi sürgünə göndərildi. Və yaxud keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi xatırlayaq. Onun qəzetlərə qədər sızmış açıq iddiasının olmamasına baxmayaraq, iqtidar içi kulislərdə hökumət rəhbərliyinə iddia etdiyi, bunun üçün çox yaxşı münasibəti olan Qərbin siyasi çevrələrinin və dostluq ilişkilərinin olduğu bildirilən Türkiyədəki AKP hökumətinin dəstəyinə güvəndiyi indiyədək bir neçə dəfə KİV-də öz əksini tapıb. Amma hər şey onunla tamamlandı ki, sabiq iqtisadi inkişaf naziri nəinki baş nazir oldu, hətta oturduğu vəzifəni və azadlığını itirdi - o da artıq 8 ilə yaxındır ki, həbsxanadadır. Fərhad Əliyevin yerinə keçən başqa bir sabiq iqtisadi inkişaf naziri - Heydər Babayev də ölkəmizin baş naziri olmaq arzusu gözündə qalanlardandır. Hakimiyyətdaxili qaynaqların bir çoxu etiraf edirlər ki, Heydər Babayev Artur Rəsizadənin yerinə bəlkə də ən real alternativlərdən olub və əgər "siyasi ÇP"lər buraxıb rəqiblərinin əlinə "vurulması" ilə nəticələnəcək əsaslar verməsəydi, indi yəqin ki, doğrudan da ölkənin ikinci postuna sahib idi. Səhvləri isə ona gətirib çıxardı ki, Babayev sələfindən fərqli olaraq həbsxana aqibəti yaşamasa da, postunu itirdi, hakimiyyətdə karyerasını yenidən bərpa etməsini isə artıq mümkünsüz sayırlar. İndi onun ölkədən kənarda biznesi ilə məşğul olduğu və Azərbaycana dönmək haqqında düşünmədiyi iddia olunur".
Mənbəmiz bildirir ki, bütün bunlar Azərbaycanda baş nazirlik uğrunda mübarizəni bir çoxları üçün riskli işə çevirib: bəzi iddialılar xeyli müddət iddialarını tamamilə gizlətmək məcburiyyətində qalıblar, çünki hökumət rəhbəri olmağa çalışarkən sonda "həm Əli aşından, həm də Vəli aşından ola biləcəklərini" göz önünə gətirib geri çəkiliblər.
Amma son xəbərlər o yöndədir ki, seçkilərə bir neçə ay qala bəzi iri məmurlar seçkidən sonrakı yeni hökumət kabinetində ən üst posta sahiblənmək üçün indidən düyməyə basıblar. Onlar hələlik açıq müstəviyə keçirməsələr belə, baş nazirlik uğrunda mübarizəni başladıblar; bu məqsədlə ətraflarını komplektləşdirir, iqtidar daxilində daha çox dəstəkçi qazanmaq üçün lobbiçiliklərini gücləndirirlər.
Qaynağımız istisna etmir ki, yay aylarında hazırda Artur Rəsizadənin əyləşdiyi kürsü uğrunda savaş daha da sərtləşəcək, bu yöndə informasiyalar KİV-də xeyli intensivləşəcək. İndiki baş nazirin seçkidən sonra formalaşacaq yeni hökumətə başçılıq etməyəcəyinin dəqiqləşməsi də bu posta iddialıların iştahlarını artırır. Rəsizadənin səhhətindəki problemlər səbəbindən baş nazirlikdən gedəcəyinin qətiləşməsi bəzi oliqarxlara indidən seçki sonrakı dövrün tədarükünü görməyi diqtə edir.
Mənbənin sözlərinə görə, yeni baş nazirin kimliyi müəyyənləşdirilərkən iki kriteriya əsas götürüləcək. Bundan biri və birincisi həmin şəxsin siyasi iddiasızlığı, iqtidar içi nüfuz savaşlarından kənarda dayanması olacaq. Ölkənin ikinci şəxsinin məhz belə keyfiyyətli olması əsas şərt kimi görünür.
İkinci şərt isə yeni baş nazirin mümkün qədər ciddi kapital sahibi olması, adının korrupsiya ilə bağlı işlərdə daha az hallanması, kifayət qədər oliqarxlaşmamış olmasıdır. Bununla həm hökumətin cəmiyyət arasında imicinin yüksəldilməsi məqsədi güdülür, həm də əllərində fantastik kapital cəmləşdirənlərlə müqayisədə iqtidardaxili proseslər üçün hər hansı siyasi təhdid təşkil etməmələri belələrinin baş nazirlik şanslarını artırır.
Mənbəmiz hər bir halda yay aylarından etibarən bu mövzunun daha çox aktuallıq qazanacağını deyir, eyni zamanda əlavə edir ki, əsas iddialının kim(lər) olacağını və kimlərin bu mübarizədən "vurularaq" kənarlaşacağını da məhz həmin vaxt daha asanlıqla söyləmək mümkün olacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30