Əmisi və əmisi oğlunu öldürən Kənan Nuroğlu və atası Nurəddin Kərimovun Ali Məhkəmədə kassasiya şikayətinə baxılıb.
“Unikal”ın məlumatına görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində məhkumların kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2022-ci ilin fevral ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Nuroğlu ömürlük, Nurəddin Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, 2020-ci ildə Yardımlıda Nürəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildiriblər.Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.
Bu qətlin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli pozuntulara görə baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə vəzifədən azad edilib.
Azər İsrafilov