Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürətli elektrik qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.
Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib. Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək”, - qurumdan bildirilib.