Məmurların şirkətlərində "böhran izi"
21:28 22-05-2013
İQTİSADİYYAT
Məmurların şirkətlərində "böhran izi"
İşçilərə az pul verməyin səbəbləri "Unikal"da
Bu günlərdə maraqlı bir statistika açıqlandı. Baxmayaraq ki, orada səslənən rəqəmlər nə medianın, nə də müstəqil ekspertlərin diqqətini çəkmədi. Halbuki səslənən statistik göstəricilər yetərincə ilginc idi.
Əvvəlcə gəlin həmin statistik məlumatın özü ilə tanış olaq. Orada bildirilirdi: "Bu ilin I rübündə özəl tikinti şirkətlərində çalışan isçilərin orta əmək haqqı 640 manatdan çox olub. Amma bu şirkətlərdə əmək haqqı orta hesabla 1,6% azalıb.
Amma bununla özəl sektor inşaatçılara dövlət şirkətlərindən orta hesabla 484,3 manat, yəni 12,2% çox maaş verir. I rübdə ölkədə insaatçıların orta əmək haqqı 588,7 manat olub. Əvvəlki ilin muvafiq dovrünə nisbətən artım 5,1 faizdir.
Aprelin 1-i üçün insaat bolməsində çalışan isçilərin orta siyahı sayı 93,1 min nəfər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,4% çoxdur".
Qeyd edək ki, məlumatda özünə yer alan rəqəmlər Dövlət Statistika Komitəsinin məlumatları olduğundan onlara şübhə ilə yanaşmaq yersizdir. Hər bir halda söhbət rəsmi hesablamadan gedirsə, burada yalnız bir məqama şübhə ilə yanaşmaq mümkündür. O da özəl şirkətlərin işçilərinə verdikləri maaşın azalmasındakı faizdir. Yəni ola bilər, maaşlar daha çox azalsın - hər halda rəsmi statistika həmişə müsbət tendensiyaları "şişirtmək", mənfi tendensiyaları isə mümkün olduğu qədər kiçiltmək üzrə "ixtisaslaşıb".
İndi isə gələk əsas məqamın üzərinə. Görünən odur ki, tikinti şirkətlərində hansısa böhranın əlamətləri var, əks halda tikinti şirkətlərinin işçilərə verdikləri maaşı bu qədər azaltmalarında hər hansı başqa səbəb axtarmaq yersiz görünür.
Onsuz da tikinti sektoru Azərbaycan reallığında əmək və vergi qanunvericiliyinin ən çox pozulduğu sahələrdəndır. Görülən tədbirlərə baxmayaraq, inşaat şirkətləri vergi və sosial ayırmalardan qaçmaq üçün işçilərin real sayını və əmək haqqı məbləğini gizlədir. Bunun üzərinə indi də əmək haqlarının azaldılmasının əlavə edilməsi tikinti şirkətlərinin yaxşı günlər yaşamadığının əlamətidir.
Demək artıqdır ki, Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var, onlar ayrı-ayrı nüfuzlu məmurların himayəsi, qeyri-rəsmi patronajlığı altında fəaliyyət göstərirlər. Odur ki, yuxarıda yazdıqlarımızdan həm də bəzi məmurların gəlirlərinin azaldığı qənaətinə varmaq mümkündür.
Tikinti biznesi olan məmurlar əgər işçilərinə əmək haqlarını az verməyə başlayıblarsa, bu, onların şirkətlərinin hansısa böhranından xəbər verir, eyni zamanda da belə məmurların maddi itkilərinin yarandığını əminliklə söyləmək imkanı açır.
Bəzi ekspertlərə görə isə, tikinti biznesindəki bu tendensiya başqa bir səbəbdən də ortaya çıxmış ola bilər: seçki ilində məmurların üzərlərinə düşən vəzifələr artır. Onlardan öz hesablarına, imkanları ilə hansısa layihələr həyata keçirmək tələb edilir ki, bütün bunlar seçkilərdə hökumət üçün müəyyən dividentlər gətirsin. "Mümkündür ki, seçkilərdə məmurların xərclərinin artması artıq onların şirkətlərinə də təsir edir. Biznesmen-məmurlar həmin xərclərin öhdəsindən gəlmək üçün şirkətlərinin xərclərini azaltmaq yolu seçə bilərlər. Bu yolla da üzərlərinə düşən işləri həyata keçirmiş olarlar. Şirkətlərinin xərclərini azaltmaq isə məmurlar üçün ilk növbədə işçilərinin maaşlarını azaltmaq deməkdir".
Hər bir halda görünən odur ki, uzun illərdir tikinti sektoru hesabına yetərincə zənginləşən məmurlar üçün indi bu sahə artıq əvvəlki kimi cəzbedici deyil. Artıq onların bu sahədən çoxlu pullar qazana bilmədikləri yönündə çoxdandır bəzi KİV və ekspertlərin söylədikləri də Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərlə müqayisə edildikdə doğru görünür.
Amma digər tərəfdən, düşünəndə ki, bizim bəzi biznesmen-məmurlar üçün işçilərin sosial rifahı, əmək hüquqları heç vaxt xüsusi əhəmiyyət kəsb etməyib, önəmli olmayıb, o zaman ağlımıza başqa bir versiya da gəlir: tamamilə realdır ki, məmurların tikinti şirkətlərində çalışanların maaşı azalsa belə, biznesmen-məmurların gəlirlərində heç bir azalma yoxdur.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30