Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva, Tədris hissəsinin müdiri Nazim Abbasov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə və baş mütəxəssisi Həsən İbrahimli 15-18 aprel tarixlərində Türkiyənin Ankara, Antalya və İstanbul şəhərlərinin ali təhsil müəssisələrində görüşlər keçirib, akademik heyətlə müzakirələr aparıblar.
"Unikal" xəbər verir ki, Ankarada Qazi Universitetinin prorektoru Fazlı Polat və İdman elmləri fakültəsinin dekanı Serdar Eler ilə görüş zamanı hazırkı əməkdaşlıq, gələcək elmi və akademik mübadilə imkanları müzakirə edilib.
Antalyada Akdeniz Universitetinin prorektoru Şükrü Özen, İdman elmləri fakültəsinin dekanı Abdurrahman Aktop və dekan müavini Tuba Melekoğlu ilə görüş keçirilib. Universitetin düşərgəsi və infrastrukturu ilə yaxından tanış olduqdan sonra İdman elmləri fakültəsi ilə birlikdə Məşqçilik ixtisası üzrə ikili diplom təhsil proqramının tədris planı hazırlanıb. Görüş zamanı Akdeniz Universitetinin tələbələri üçün Mergen təqaüd proqramının təqdimatı da keçirilib.
İstanbulda isə ASAPES nümayəndə heyəti İstanbul Universitetinin İdman elmləri fakültəsinin dekanı Ayşe Türksoy Işımla görüş keçirib, tələbə və müəllim mübadiləsinin aparılması, ikili diplom təhsil proqramlarının hazırlanması məsələlərini müzakirə edib.