Aprelin 24-də prokurorluğun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 116-cı ildönümü ilə əlaqədar yazıçının vaxtilə İçərişəhərdə yaşadığı - “Ədibin Evi” mədəniyyət ocağını ziyarət ediblər.

"Unikal" xəbər verir ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva prokurorluq əməkdaşlarına XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, “Ədibin evi” yazıçının 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılıb və 2017-ci ildən etibarən mədəniyyət ocağı kimi istifadəyə verilib. 

Yazıçının “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi əsərlərinin, həmçinin bir çox məşhur hekayələrinin bu evdə qələmə alındığı diqqətə çatdırılıb. 

Ekskursiya çərçivəsində prokurorluq əməkdaşları Mir Cəlal Paşayevə aid şəxsi əşyalar və onun haqqında yazılmış kitablarla tanış olublar.