Vyetnamda çörək sexində hazırlanmış "banh mi" sendviçlərini yeyən 560-dan çox insan qida zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilib.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, Vyetnamın Donq Nai əyalətinin Long Khanh şəhərinin səlahiyyətliləri aprelin 30-da bir çörək sexinin istehsal etdiyi,ölkənin məşhur küçə ləzzətlərindən olan “banh mi” sendviçlərini yeyən və səhhəti pisləşən insanlarla bağlı açıqlama verib.
Açıqlamada 560-dan çox zəhərlənən insandan 12-nin vəziyyətinin ağır olduğu, 200 nəfərin isə xəstəxanadan buraxıldığı bildirilib.
Regional Səhiyyə Müdirliyi vəziyyəti ağır xəstələrin qan nümunələrində təzə ət, pendir və meyvələrdə rast gəlinən "E.coli" bakteriyasının aşkar edildiyi barədə məlumat yayıb.
Müvəqqəti olaraq bağlanan çörək sexində ilkin yoxlamalar zamanı qida təhlükəsizliyi pozuntuları aşkar edilib, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Zərifə Nağıyeva