Səkkizinci sinif şagirdi Asim Hüseynovun texnologiyaya marağı kiçik yaşlarından başlayıb. O heç bir kursa qatılmadan və xüsusi hazırlıq keçmədən "Android" platforması üçün mesajlaşma tətbiqi hazırlayıb. "Asim Chat" adlandırdığı tətbiq vasitəsilə istifadəçilər bir-biri ilə yazışa, qruplar yarada və şəkillər paylaşa bilirlər.

"Unikal" xəbər verir ki, məktəblinin Baku TV-yə bildirdiyinə görə, layihənin hazırlanması zamanı müxtəlif çətinliklərlə qarşılaşsa da, araşdırmalar apararaq onların öhdəsindən gəlməyi bacarıb.

"Proqramı təxminən iki həftəyə hazırladım. Bu, "WhatsApp"a bənzər bir tətbiqdir və istifadəçilər burada bir-biri ilə mesajlaşa bilirlər. 
"YouTube" və digər platformalarda bu cür proqramların hazırlanmasını izləyirdim. Anam da mənə belə bir tətbiq yaratmağı təklif etdi və bu fikir məndə maraq oyatdı.

İşə başladım, amma proses heç də asan olmadı. Tətbiqdə qrup yaratmaq, mesaj və şəkil göndərmək mümkündür. Bundan əlavə, gecə saatlarında istifadə zamanı gözləri yormamaq üçün qaranlıq rejim funksiyasını da əlavə etmişəm", - deyə Asim bildirib.