Təhsil Nazirliyində şöbə müdirlərinin görünməmiş xofu
22:47 24-05-2013
İQTİSADİYYAT
Təhsil Nazirliyində şöbə müdirlərinin görünməmiş xofu
Onlar Mikayıl Cabbarovun ilkin addımlarından dərin narahatlıq keçirirlər
Təhsil Nazirliyi daxilində dərin narahatlıq hökm sürür. Nazirliyin müxtəlif yüksək vəzifəli şəxsləri öz postlarını qoruyub-saxlamaq baxımından ciddi əndişə içərisindədirlər və yeni nazirin təkcə onların kreslolarına deyil. Azadlıqlarına da ciddi təhlükə yaratdığı qənaətindədirlər.
Bu barədə "Unikal"a məlumat verən yetərincə informasiyalı mənbənin sözlərinə görə, hazırda Təhsil Nazirliyi koridorlarında ciddi narahatlıq hökm sürür. Artıq nazirliyin bir çox yüksək vəzifəli şəxslərinin öz postlarını qorumaq, ən pis halda isə vəzifələrindən alınsalar belə, indiyədək qeyri-leqal yollarla topladıqları sərvətləri əllərində saxlamaq və haqlarında hüquqi ölçülər götürülməsini əngəlləmək üçün müxtəlif yollara baş vurmağa çalışdıqlarına dair bilgilər gəlməkdədir.
Gələn məlumatlarda həmin nazirlik vəzifəlilərin müxtəlif kanallar vasitələri ilə özlərini yeni təhsil nazirinə "tapşırtmaq" istədikləri vurğulanır. Amma eyni zamanda o da bildirilir ki,
təzə nazir Mikayıl Cabbarov bu cür həmlələrə kifayət qədər qeyri-mühafizəkar yanaşır və belə xahişlərə birmənalı şəkildə yox cavabı verir. Bu isə nazirliyin bir çox ciddi post sahibi olan yetkililərinin narahatçılığını dərinləşdirir. Onlar belə gedərsə, yalnız vəzifələrini deyil, varidatlarını və azadlıqlarını itirə biləcəklərinin narahatçılığını yaşayırlar.
Bəs narahatlıqların bu həddə çatmasının səbəbi nədir? Xatırladaq ki, son bir neçə gündə Təhsil Nazirliyinin önəmli post sahibləri öz vəzifələri ilə vidalaşmalı olublar. Belə ki, srağagün Təhsil Nazirliyində daha bir şöbə müdiri vəzifəsindən azad edilib. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev vəzifəsindən azad olunub.
Bundan iki gün əvvəl isə nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrıza Əliyev də vəzifəsindən azad olunub. Söhbət o şöbə müdirindən gedir ki, onun müavini, tanınmış şair Əli Kərimin oğlu Orxan Kərimov bir müddət həbsdə yatmışdı. Belə məlumatlar var ki, Şahrza Əliyevin görəvindən alınmasında məhz Orxan Kərimovla bağlı səs-küylü cinayət işinin mühüm rolu olub və istisna edilmir ki, sözügedən sabiq şöbə müdiri yalnız vəzifəsini itirməklə canını qurtara bilməsin, bəzi məsələlər yenidən gündəmə gətirilsin və keçmiş şöbə müdiri ilə bağlı hüquqi sürəc başladılsın.
Ümumiyyətlə isə hazırda nazirliyin bir çox şöbə müdirlərinin tutduqları postlarla vidalaşmasına hazırlıq getdiyi, tutduqları görəvlərindən ayrılacaq nazirlik yetkililərinin önündə isə aşağıdakıların gələcəyi bildirilir: Ali və orta təhsil ixtisası şöbəsinin müdiri İlham Mustafayev, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazov, Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva.
Məlumatlı mənbənin bildirdiyinə görə, yeni təhsil nazirinin adıçəkilən şöbə müdirləri ilə vidalaşmasını qaçılmaz edən səbəblər var. Məsələn, dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı keçmiş nazir Misir Mərdanovun əsas kadrlarından biri sayılır və o, Mərdanovun əsas iqtidariçi rəqibi TQDK sədri Məleykə Abbaszadə ilə bir çox ixtilaflarda olub. Sabiq nazirin görəvindən alınmasından ən çox sarsılan nazirlik rəsmisinin də məhz Şahbazlı olduğu bildirilir; həm dərslik məsələləri ilə bağlı ciddi problemlərin ortaya çıxmasında əsas məsul şəxs olduğunu özünün də yaxşı dərk etməsi, həm də Mərdanovun postundan uzaqlaşdırılacağını təxmin etməyərək, TQDK rəhbərliyinə zaman-zaman aşkar meydan oxuması səbəbi ilə!
Ümumiyyətlə isə, Mikayıl Cabbarovun nazir təyinatından sonra onun yeni rəhbərlik etməyə başladığı qurum daxilində şöbə müdirləri "iynə üstündə oturmaqdadırlar", hər an vəzifələrindən azad edildiklərinə dair yeni nazirin sərəncamının elan edilməsini gözləyirlər. Elə şöbə müdirləri isə var ki, işdən çıxarılmaqla canlarını qurtaracaqlarına qurban kəsməyə hazırdırlar. Çünki ayaqlarına elə çatışmazlıqlar yazılıb ki, onlara görə yaranan hüquqi cavabdehlik vəzifəni itirməyin yanında heç nədir.
Belələri haqqında ayrıca danışmaq lazım gəldiyindən bu haqda bəhs etməyi növbəti yazıya saxlayırıq. Bizi izləyin.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00