İranın 7-ci prezidenti kim olacaq?
22:52 24-05-2013
İQTİSADİYYAT
İranın 7-ci prezidenti kim olacaq?
İran yeni prezident seçkisinə hazırlaşır. Ölkənin 7-ci dövlət başçısının kimliyini gələn ay keçiriləcək 11-ci seçki müəyyənləşdirəcək.
Xatırladaq ki, üç gün əvvəl İran Daxili İşlər Nazirliyi bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək hüquq qazanmış namizədlərin siyahısını mətbuatda dərc etdirib. Siyahıya İran Konstitusiyasına Nəzarət Şurasının (Şura-ye Negəhban) mayın 21-də açıqladığı namizədlərin adları daxildir.
İran Konsitusiyasına Nəzarət Şurası prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş 686 nəfərdən yalnız 8-ni XI prezident seçkilərinə buraxıb.
Bunlar İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İran parlamentinin sabiq spikeri, ayətullah Xamneyinin qudası Qulaməli Həddad Adil, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, sabiq vitse-prezident Məhəmmədrza Arif və keçmiş poçt və teleqraf naziri Məhəmməd Qərazidir.
İran Konsitusiyasına Nəzarət Şurası İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani və İran prezidenti Mahmud Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayinin namizədliyini təsdiqləməyib.
Ayətullah Xomeyninin nəvəsi Haşimi Rəfsəncaniyə dəstək məktubu yazdı İran İslam İnqilabının qurucusu, ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyni eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə dəstək məktubu yazıb.
"Radiofərda"nın məlumatına görə, o, məktubunda Rəfsəncaninin prezidentliyə namizədliyinin İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən rədd edilməsindən narahatlıq keçirdiyini bildirib. H. Xomeyni qeyd edib ki, İran İslam Respublikasında mühüm vəzifələr icra etmiş və hazırda da İran Məsləhət Şurasının sədri olan H. Rəfsəncaninin namizədliyinin rədd edilməsi maraqlı və təəssüf doğuran məqamdır. O, daha sonra məktubunda H.Rəfsəncaninin keyfiyyətlərindən xeyli bəhs edərək onun xalqın yaddaşında əbədi qalacağını vurğulayıb.
Qeyd edək ki, ayətullah Xomeyninin qızı Zəhra Mustəvəfi isə H. Rəfsəncaninin prezidentliyə namizədliyinin İran Konstitusiyasına Nəzarət Şurası tərəfindən rədd edilməsinə etiraz olaraq İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə açıq məktub yazıb.
Bəs ən çox şansı olan namizəd kimdir?
Ekspertlərin fikrincə, bunu indidən söyləmək çətindir və böyük ehtimalla hər şey təbliğat kampaniyasının sonlarına doğru qətiləşəcək.
Bununla belə, bəzi siyasi müşahidəçilər üç prezidentliyə namizədin - Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali dini lideri və ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin şanslarını yüksək qiymətləndirirlər. Xüsusilə sonuncunun prezidentlik postunda oturmağa daha yaxın olduğu təxmin edilir.
Digər tərəfdən isə bildirilir ki, namizədlər arasında açıq üstünlüyün olmaması nətğicələr açıqlandıqdan sonra ciddi etirazların yaranmasına gətirib çıxara bilər.
İranda seçki
ənənəsinin tarixi
Maraq üçün qeyd edək ki, İranda seçki ənənəsinin əsası 1979-cu ildə İslam İnqilabının qələbəsindən sonra qoyulub. İndiyədək on prezident seçkisi keçirilib ki, 168.az onlarla bağlı bəzi məqamları diqqətinizə çatdırır. Onu da deyək ki, cənub qonşumuz olan ölkədə on birinci prezident seçkisinin bu ilin iyununda keçirilməsi planlaşdırılır.
1980-ci ildə İranda ilk prezident seçkisi keçirildi. Həmin il yanvar ayının 25-də baş tutmuş prosesdə 107 namizəd mübarizə apardı. Hesablamalara görə, o zaman səsvermə hüququna malik 20 milyondan artıq vətəndaşdan 14152877-si seçkidə iştirak etdi (68 faiz). Ölkənin ilk prezidenti Əbdül Həsən Bənisadr oldu. Cəmi bir il altı aylıq fəaliyyətdən sonra Bənisadr istefaya göndərildi və ölkədə ikinci prezident seçkisi üçün hazırlığa başlanıldı.
1980-ci ilin əvvəlində İraqla səkkiz illik müharibəyə cəlb edilmədən bir il sonra, konkret olaraq 24 iyul 1981-ci ildə İranda ikinci prezident seçkisi keçirildi. O vaxt qəbul edilmiş qanuna görə, prezidentliyə namizədlərin təsdiqlənməsi İran İslam İnqilabı Keşikçiləri Şurası tərəfindən aparıldı. Şura 71 iddiaçıdan yalnız dördünün əsas post uğrunda mübarizə aparmaq hüququnu tanıdı.
İkinci prezident seçkisində 22 milyondan artıq seçicinin 14,5 milyondan çoxu iştirak etdi (64,24 faiz). Səslərin 90 faizini toplayan Məhəmmədəli Rəcai İslam Respublikasının ikinci dövlət başçısı oldu. Rəcai bu postda cəmi bir ay qaldı. Prezident avqustun 30-da törədilən terror aktı nəticəsində qətlə yetirildi.
İranda üçüncü prezident seçkisi 2 oktyabr 1981-ci tarixdə keçirildi. Prosesdə 22 milyon 400 min seçki hüququ olan vətəndaşdan 16 milyon 800 mini iştirak etdi. Dövlət başçısı postuna 46 namizəddən yalnız 4-nün namizədliyi təsdiqləndi. Səslərin 95 faizini toplamış ayətulla Əli Xameneyi ölkənin sayca üçüncü prezidenti adını qazandı.
16 avqust 1985-ci ildə İranda dördüncü prezident seçkisi baş tutdu. Həmin ərəfədə 50 adam dövlət başçısı postunu tutmaq üçün iddiasını ortaya qoydu ki, onlardan yalnız üçü əsas marafonda yarışmaq üçün səlahiyyətli sayıldılar. Səs vermə hüququna malik 25133802 vətəndaşdan 14238587-si seçkidə iştirak etdi. 12205000 səs toplayan (səslərin 85 faizi) ayətulla Əli Xameneyi ikinci dəfə dövlət başçısı postuna yiyələndi.
İranda beşinci prezident seçkisi 1989-cu ilin iyul ayının 28-də keçirildi. Bu dəfə də növbədənkənar. Belə ki, həmin il iyunun 3-də İran inqilabının lideri imam Xomeyni vəfat etdiyindən oktyabrın 9-dək prezident vəzifəsini icra etməli olan Əli Xameneyi ali dini liderin varisi və inqilabın lideri elan olundu. Məhz bu səbəbdən seçkini tez keçirmək qərarı verildi. 30139598 seçki hüququna malik vətəndaşdan 16452677-nin iştirak etdiyi prosesdə iki əsas namizəd mübarizə apardı. 15550528 səs toplayan (səslərin 94 faizi) ayətulla Əli Əkbər Haşimi Rəfsəncani ölkə prezidenti seçildi.
1993-cü il iyunun 11-də İranda sayca altıncı olan prezident seçkisi baş tutdu. 33156055 insanın səs hüququna malik olduğu seçkidə 16796787 adam iştirak etdi. Səslərin 63 faizini toplamış Rəfsəncani ikinci müddətə dövlət başçısı seçildi.
İranın beşinci prezidenti Məhəmməd Hatəmi ölkə tarixinin yeddinci prezident seçkisində seçildi. Bu hadisə 1997-ci ilin mayında baş tutdu. Seçkidə 36466487 səs vermə hüququna malik insandan 29145745-i iştirak etdi ki, onların 69 faizi səsini Hatəmiyə verdi. Qeyd edək ki, yeddinci prezident seçkisində dövlət başçısı postuna iddialı 238 nəfərdən yalnız 4-nün namizədliyi tanınmışdı.
Məhəmməd Hatəmi İranda baş tutmuş səkkizinci prezident seçkisinin də qalibi oldu. 2001-ci il iyunun 8-də keçirilmiş prosesdə 42170230 səsvermə hüquq olan vətəndaşdan 28155969-u iştirak etdi. Səslərin 77 faizini toplamış Hatəmi üçün ikinci prezidentlik dönəmi başlandı.
2005-ci il iyunun 17-də İranda doqquzuncu prezident seçkisi baş tutdu. Seçkinin xarakterik xüsusiyyəti onun iki mərhələdə keçirilməsiydi. Birinci mərhələdə Əli Əkbər Haşimi Rəfsəncani birinci yeri tutdu (səslərin 21 faizi). İkinciliyi 19,5 faiz səslə Mahmud Əhmədinecat əldə etdi. 17,3 faizlə Mehdi Kərrubi üçüncü oldu. Məhəmmədbağır Qalibaf 13,9 faiz səs topladı. Mustafa Moin 13,8 faizlə beşincilik əldə etdi. Əli Laricaninin topladığı 1740000 səs ona altıncı yeri gətirdi. Yekun nəticə etibarilə Rəfsəncani və Əhmədinecat ikinci turda mübarizəni davam etdirmək hüququ qazandı. İkinci mərhələdə üstünlük gözlənilmədən Mahmud Əhmədinecatın tərəfinə keçdi. Beləcə o, İranın altıncı prezidenti adını qazandı.
Mahmud Əhmədinecat ənənəni davam etdirməyə müvəffəq oldu və 2009-cu il iyunun 12-də baş tutmuş onuncu seçkidə sələfləri kimi ikinci müddətə dövlət başçısı postuna seçildi. İranın Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, prosesdə 24 milyondan artıq səs toplamış Əhmədinecat əsas rəqibi olan Mirhüseyn Musəvini iki qat üstələdi. Yeri gəlmişkən, həmin vaxt İslam Respublikasının 46199997 seçicisindən 85 faizi seçkidə iştirak etmişdi.
İranda on birinci prezident seçkisi 2013-cü ilin iyununda dünyanın beş materikində, 120 ölkəsində keçiriləcək. Bu məqsədlə 280 seçki məntəqəsi təşkil olunacaq. Səsvermə iyunun 14-də səhər saat 8-də başlanacaq. Hər şey qaydasında getsə, İslam Respublikası həmin gün özünün yeddinci prezidentinin kimliyinə aydınlıq gətirəcək. Çünki ölkə qanunları altıncı prezident M.Əhmədinecatın dalbadal üçüncü müddətə prezident seçilə bilməsini əngəlləyir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20