Azad Rəhimovun gizli "Velotrek" planı
22:55 24-05-2013
İQTİSADİYYAT
Azad Rəhimovun gizli "Velotrek" planı
Gənclər və İdman Nazirinə verilən mənfi cavabın pərdəarxası
20 yanvar metrostansiyasının yaxınlığında yerləşən və Gənclər və İdman Nazirliyinin balansında olan "Velotrek" adlanan ərazi ilə bağlı yeni müəmmalar ortaya çıxıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Gənclər və İdman Naziri Azad Rəhimov bir müddətdir ki, yeni "Velotrek"in inşası üçün razılıq almağa çalışsa da, bu arzusunu gerçəkləşdirə bilmir.
Mənbənin deməsinə görə, hazırki "Velotrek"in binaların və insanların sıx olduğu ərazidə yerləşməsinin velosiped sürənlər üçün çətinlik yaratdığını əsas gətirən Azad Rəhimov təxminən iki il əvvəldən bəri bir neçə dəfə yeni "Velotrek"in inşası ilə bağlı müraciət edib. Amma nazir hökumətdən bu yöndə arzu etdiyi cavabı ala bilməyib.
Buna səbəb iqtidardakı bəzi dairələrin (hansı ki, onların "Velotrek"in indiki ərazisində gözləri olduğu bildirilir) Rəhimovun təşəbbüsünün reallaşmasına əngəl yaratmalarıdır. Mənbəmizin bildirdiyinə görə, onlar Gənclər və İdman
Nazirinin planından xəbərdar olublar və önləyici addımlar atıblar.
Bəs söhbət hansı plandan gedir? Qaynağımız bildirib ki, Azad Rəhimov yeni "Velotrek" inşa edildikdən sonra hazırki "Velotrek"i Əmlak Məsələləri Dövlət Komitəsinin balansına qaytarmaq, daha sonra isə buranın öz biznes imperiyasına daxil olan şirkətlərdən biri vasitəsi ilə özəlləşdirmək istəyirmiş. Elə bu da "Velotrek"də gözü olan bəzi məmurlarda narahatlıq yaradıb.
Qeyd edək ki, hələ 3 il əvvəl "Velotrek"in satılması və sökülməsi ilə bağlı məlumat yayılmışdı. Həmin vaxt Gənclər və İdman Naziri bu məlumatlara dərhal reaksiya vermiş və bildirmişdi ki, bu yöndə yayılan xəbərlər reallığı əks etdirmir. Hətta Rəhimov indiki "Velotrek"in təmir ediləcəyini də bildirmişdi. Amma sonradan təmir məsələsindən heç bir soraq çıxmadı. "Velotrek"in satılması və sökülməsi iddiasının isə o vaxtdan bəri gündəmdən heç vaxt düşmədiyini xatırladaq. Əslində bir neçə dəfə bu ərazi ilə bağlı kifayət qədər gərgin situasiyalar yaranıb. Hətta 2011-ci ildə "Velotrek"in iri çəkili məmurlardan birinin nəzarətinə keçməsi tam reallaşmaq üzrə imiş. Amma sonradan Azad Rəhimovun müdaxiləsi ilə proses səngiyib.
Məhz bundan sonra Gənclər və İdman Naziri hər an "Velotrek"in onun əlindən alına biləcəyini
düşünərək məlum planı hazırlayıb: nisbətən şəhərdən kənar bir ərazidə yeni "Velotrek" inşa etdirərək, köhnə "Velotrek"in Əmlak Məsələləri Dövlət Komitəsinə qaytarmaq, daha sonra formal bir hərrac yolu ilə onu almaq!
Azad Rəhimovun burada sonradan nə tikmək planladığı barədə isə mətbuatda yanlış informasiyalar gedir. Belə ki, uzun müddətdir KİV-lər iddia edirlər ki, ticarət mərkəzi ilə idman meydançasının ərazisində Gənclər və İdman Naziri Azad Rəhimov yaşayış kompleksi tikdirəcək. Amma bizim qaynaq bu iddiaları təkzib edir və bildirir ki, Rəhimov "Velotrek"in ərazisində iri hotel inşa etmək niyyətindədir. Bundan əvvəl Rəhimovun məqsədi orada iri ticarət mərkəzi tikdirmək olub. Amma bunun həmin ərazidə onsuz da sıx olan gediş-gəlişi daha da çətinləşdirəcəyi səbəbindən Gənclər və İdman Nazirinin istəyi müsbət cavablandırılmayıb. Belədə nazir qalmaqallı ərazinin hotelə çevrilməsinə qərar verib.
Ancaq hökumət içindəki rəqibləri hələlik Rəhimovun bu istəyinin reallaşmasına mane olurlar. Elə nazir özü də hələ ki, "Velotrek"ə iddia edən bəzi məmurların öz hədəflərinə çatmasını əngəlləməyi bacarır. Odur ki, bu qovğanın nə qədər davam edəcəyini və sonda tərəflərdən hansının üzünün güləcəyini demək çətindir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20