Ermənistan seçkilərdən sonra
22:17 25-05-2013
İQTİSADİYYAT
Ermənistan seçkilərdən sonra
Özünü satan müxalifət və tamahkar iqtidar: nə olacaq bunların halı?
Yalan danışan müxalifət bütün hallarda onu yalanlara vadar edən hakimiyyəti gücləndirir. Ermənistanda paytaxt Yerevanın Ağsaqqallar Şurasına keçirilmiş seçkilərdən sonra ölkənin siyasi arenası dərin depressiyaya düşüb, böhrana yuvarlanıb. Bundan sonrakı 4 il ərzində, yəni 2017-ci ilədək Ermənistanda parlament və ya prezident seçkiləri olmayacaq. Yəni bundan sonrakı 4 il ərzində siyasi və ya sosial dəyişikliklərlə bağıl ciddi ehtimallar yoxdur. Ola da bilməz.
Prezident seçkilərindən sonra hökumətin yeni heyətində dəyişikliklərlə bağlı ermənilərdə ümidlər vardı. Lakin ölkə dövlət müstəqilliyi qazanandan bəri artıq 5-ci heyət Serj Sarqsyanın istəyi və tələbi ilə formalaşdı.
Sarqsyan ciddi dəyişikliklər və islahatlar fikrində deyil.
Hakimiyyət sisteminin mövcud durumunda siyasi arenada mövqe fərqlərinin və müxtəlifliyinin olacağını da təxminləməyə dəyməz.
Ermənistan paytaxtının meri postuna və bələdiyyəsinə keçirilmiş seçkilərdən sonra müxalifət düşərgəsində müəyyən aktivləşmə müşahidə olunur. Sabiq prezident Robert Köçəryanın yaratdığı və ona məxsus olan, milyarder oliqarx Qagik Sarukyanın sədrlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası seçkilərdə aktiv iştirak etdiyindən indi ona vəd edilən preferensiyaları gözləyir.
Sarukyanın strukturunun indiyədək iqtidar komandasından ayrı olduğunu kütləyə göstərməyə çalışması bəlli. İndi "Çiçəklənən Ermənistan" iqtidardakı Ermənistan Respublika Partiyası ilə aktiv danışıqlara başlayaraq, koalisiyanın törəmə modelində yer ala bilər.
Fevralın 18-də keçirilmiş prezident seçkilərinə "müstəqil" namizəd kimi qatılmış İrs Partiyasının sədri Raffi Hovannisyan da payını gözləyir, Nə də olmasa, o, Yerevanın Ağsaqqallar Şurasına keçirilmiş seçkilərdə də rolunu məharətlə ifa edərək Sarqsyan rejiminin etimadını bir daha doğrultdu.
Eyni zamanda, Yerevandakı iqtidlar kütləyə çoxdan bəri vəd etdiyi, amma indiyədək reallaşdırmaq istəmədiyi islahatların görüntüsünü yaratmaq məqsədilə İrs Partiyasının hakimiyyətə dəvət edə bilər. Hovannisyanın belə "dəvət"inə hansı cavab verəcəyi bəribaşdan bəlli olduğundan, Serj Sarqsyan iqtidarının yeni və fəndgir gedişatından sonra müxalifət düşərgəsində yeni düzənin formalaşacağı şübhəsizdir.
Bundan başqa, prezident seçkiləri başa çatandan bəri Hovannisyan iqtidarın ona qarşı amansız mübarizə apardığını deyir və hakimiyyəti devirmək, planlarından bəhs edir. Təbii, belə planlar yoxdur. Amma kütlənin bir qismi İrs Partiyasının liderinə inanır və onun arxasınca gedəcəyini deyir.
Bu partiyanın iqtidarda təmsil etdirməklə Sarqsyan son vaxtlar ən aktiv opponentlərindən birini susdurmaqla yanaşı, müxalifət düşərgəsində daha bir parçalanma yaradacaq, hakimiyyəti heç bir islahatlar aparmamaqda suçlayanlara qarşı ciddi arqument əldə etdiyini düşünəcək.
İstənilən halda Ermənistanda elə bir vəziyyət yaranıb ki, hakimiyyətdən mütləq şəkildə dəyişikliklər gözlənilir. İqtidardan kənardakı hərəkatlar və partiyalar, yəni müxalifətdə təmsil olunmuş siyasətçilərlə bağlı gözləntilər, ümumiyyətlə, yoxdur. Çünki müxalifət düşərgəsindəki strukturlar indiyədək dəfələrlə yalan danışmış, boş vədlər vermiş, zəif strukturlardır ki, ermənilər onlara inanmırlar və ya inanmaq istəmirlər. Vətəndaşlar bu qüvvələrin hansısa islahatlara, Serj Sarqsyan iqtidarına qarşı real mübarizəyə hazır olduqlarını da əsla güman etmirlər.
Təbii, yaşanan prosesdə və müşahidə olunan durumda Sarqsyan iqtidarının birbaşa "zəhmət"i var.
Gerçəkdən də, erməni müxalifətçiləri və müxalifət son illərdəki fəaliyyəti ilə həddən ziyadə zəifləyərək imic və nüfuz zərbələrinə məruz qaldığından indi siyasi arenada paradoksal, hətta əcaib vəziyyət müşahidə olunur.
İş o yerə çatıb ki, rəhbərliyi oliqarx, quldurlar, kriminal elementlər və qanunsuz gəlirlər əldə etməklə varlanmış adamlardan ibarət "Çiçəklənən Ermənimstan" Partiyası hakimiyyət koalisiyasını tərk edəndən sonra ən radikal müxalifətçi struktur kimi qəbul olunur.
Bu partiya isə prezident Serj Sarqsyanı narahat edə bilməz.
"Çiçəklənən Ermənistan"ın müxalifətçiliyi, İrs Partiyasının "sərt və radikal" bəyanatları rəsmi Yerevanı əsla əndişələndirmir.
Səbəb primitivdir: "Çiçəklənən Ermənistan" və İrs partiyaları iqtidarın onlar üçün müəyyənləşdirdiyi fəaliyyət çərçivələrini aşanda, başlarından yuxarı atılaraq hakimiyyət dəyişiklikliyi tələb edəndə, real müxalifətçilik fikrinə düşəndə hüquq-mühafizə orqanları həmin partiyaların rəhbərliyi ilə bağlı araşdırmalara başlayacaq.
Dərhal, gözləmədən.
"Çiçəklənən Ermənistan" və İrs partiyalarının rəhbərliyi kriminal elementlərlə dolu olduğundan hər iki strukturu asanlıqla iflic etmək olar.
Bu partiyaların bossları xirtdəyədək cinayət, oğurluq, mənimsəmə və digər ağır cinayətlərin içindədir.
Sadalanan məqamlara görə də onlar hədlərini aşmır, yerlərini bilir, nə zaman qışqırıb nə zaman susmaq və lal olmaq gərəkdiyini yaxşı bilirlər.
Məhz ona görə də Qagik Sarukyanın sədrlik etdiyi partiyanın "ciddi və köklü islahatlar, ölkənin demokratikləşdirilməsi, hakimiyyətin sivillləşməsi" ilə bağlı tələbləri parlament spikeri Ovik Abramyanın, yaxud da sabiq prezident Robert Köçəryanın baş nazir postuna təyinatı istəklərindən ibarət idi.
Məhz bu səbəbdən Ermənistanda mövcud müxalifətin fəaliyyəti perspektivsiz, hakimiyyətin durumu isə rahatdır.
Qaqik Sarukyanın və ya Raffi Hovannisyanın partiyalarından birinin hakimiyyətdə hər hansı formada təmsil olunması ermənilər üçün fəlakətə çevriləcək. Həmin partiyaların hər ikisinin hakimiyyətdə yer alması isə Ermənistanı dibi görünməyən kollapsa aparacaq.
Bundan sonrakı 4 il ərzində parlament və prezident seçkilərinin keçirilməyəcəyini nəzərə alsaq, müxalifətin aktivliyi yalnız küçə aksiyaları, mitinqlər, yürüşlər və piketlərdən ibarət ola bilər.
Xəyanətkarlar, yalançılar və yalnız öz maraqlarını güdən insanların hakimiyyətə yol alamları, onsuz da, da şərəf, ləyaqət və əxlaq hissindən məhrum olan iqtidarın süni şəkildə güclənmə prosesinə təbii çalarların qatılması olacaq. Daha doğrusu, Serj Sarqsyan hakimiyyəti illərdən bəri can atdığı, amma nail ola bilmədiyi "legitimləşmək" prosesində əhəmiyyətli irəliləyişə nail olacaq.
Rəsmi Yerevan heç bir halda siyasi islahatlara gedən deyil və bu mövqeyini də psevdodemokratiya ünsürləri ilə pərdələmək üçün siyasi marionetkaralardan ibarət yeni şouya başlamaq niyyətindədir.
Şounun müddəti minimum 4 il olacağından, Sarqsyan iqtidarı ciddi hazırlıqlar görür və həmin prosesdə İrs və "Çiçəklənən Ermənistan" partiyalarına əlahiddə yer ayrılıb.
Ölkədə iqtisadi, sosial, maliyyə problemləri gün keçdikcə ağırlaşır, mühacirət artıq bütün ölkənin köç vəziyyətinə düşməsi həddinə çatıb - nə olsun?! Sadalanan məqamlar siyasi alver subyektlərini qətiyyən təlaşa salmadığından onlar yeni sövdələşmələrə başlayıblar.
Məqsəd daxili siyasi arenanı viran edəndən sonra Qərbin siyasi təzyiqlərinin, xüsusilə də ABŞ-ın pressinqinin zərərsizləşdirilməsidir.
Serj Sarqsyan amerikalıların təzyiqlərindən birbaşa yayınmağın və Vaşinqtonun tələblərinin qulaqardına vurulmasının mümkünsüzlüyünü yaxşı bilir.
Prezident, parlament və Yerevan bələdiyyəsinə seçkilər kimi ciddi maneələri dəfn edəndən sonra Yerevan iqtidarı önəmli müşküllərini aşdığını anlayır. Ona görə də süni inhisarların meydan suladığı, oliqarxik sistemli iqtisadiyyata nəzarəti bundan sonra da əlində saxlamaqla ona sadiq elementlərə "pay"ların həcmi ilə sayını bir qədər artıracaq.
Halbuki Ermənistanda ümumdaxili məhsul (ÜDM) ilə vergilər arasındakı nisbət 2008-ci ildən bəri 17 faizdir, dəyişmək də bilmir.
Parlament oliqarxlar, məmurlar, onların əlaltıları və iqtidarın kölələri ilə doludur, kriminal avtoritetlər, oğrular və quldurlar deputat mandatı ilə dolaşır, siyasətdən bixəbər erməni qadınlar parlament komissiyalarına sədr təyin edilir.
Fantasmaqorik vəziyyətdir.
İrs Partiyasının sədr müavini Armen Martirosyan mitinqlərindən birində söyləmişdi: "Serj Sarqsyana deyirəm: Yetər artıq, get! Get ki, bu ölkə normal yaşasın. Belə davam edərsə, beş ildən sonra polisləriniz döyməyə adam tapmayacaqlar".
Maraqlıdır ki, elə həmin Martirosyan son çıxışlarından birində "Serj Sarqsyan hakimiyyətinin son vaxtlar adekvat addımlar atmağa başalyaraq ölkəni tərk edənlərin sayının azalmasına nail olduğunu" söyləyib.
İqtidarın atdığı tikə və ayırdığı pay çox müxalifətçiləri dəyişib.
Ermənistanda həmin dəyişmə hələ çox davam edəcək.
Ən azı dörd il...
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40