Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və bu düşüncələri azaltmaq üçün istifadə etdikləri davranışlar səbəbiylə iş, məktəb və gündəlik həyatlarına mane olan problemlər yaşaya bilərlər. Bəs bu xəstəliyin əlamətləri nələrdir?
"Unikal" sözügedən xəstəliyin əlamətlərini təqdim edir:
Obsesif kompulsiv pozğunluq (OKB) iki yerə bölünür: obsesif və kompulsiya əlamətləri. Bunlardan birincisi, obsesif hissəsi, yəni OKB vəsvəsələri; Narahatlığa, qorxuya səbəb olan təkrarlanan fikirlər, zehni görüntülər və ya çağırışlardır.
Obsesif pozğunluğun əlamətləri bunlardır:
1. Mükəməllik
Obsesif insanlar ətrafdakı obyektlərdə simmetriya və mükəmməllik üçün həddindən artıq narahatlıq, vacib əşyaları və məlumatları unutmaq və ya itirmək qorxusu və ya səhv etməmək üçün hər şeyi "mükəmməl" hala gətirməyə həddindən artıq diqqət yetirmək kimi vəziyyətlər yaşayırlar.
2. Çirklənmə
Onlar bədən mayeləri, mikroblar, kir və məişət kimyəvi maddələri (məsələn, təmizləyici məhlullar) kimi çirkli əşyalardan uzaq durmağa meyllidirlər. Yəni bu elementlərlə təmasda olmaq qorxusu obsesif hissənin əlamətləri arasındadır.
3. Zərərlərdən qorxma
Kiminsə onları incitəcəyi və ya başqalarına zərər verəcəyi qorxusuna səbəb olan zorakılıq və təcavüzün intruziv düşüncələri və ya zehni görüntüləri də obsesif əlamətlərə nümunədir.
4. Dini və ya əxlaqi narahatlıq
Bu əlamətlərə işləri düzgün yerinə yetirməmək qorxusu, əxlaqa həddindən artıq önəm vermək, lənətlənmək və ya günah etmək qorxusu kimi düşüncələr daxildir. OKB olan insanlar da birdən çox vəsvəsə yaşaya bilərlər: Məsələn, onların çirklənmə qorxusu və təsadüfən xəstələnərək başqalarına zərər vermək qorxusu ola bilər.
Kompulsiv pozğunluğun əlamətləri bunlardır:
1. Təmizləmə və Yuma
Mikroblardan xilas olmaq üçün çox əl yumaq, tez-tez fərdi qulluq qaydaları, qapı tutacaqları və sayğaclar kimi əşyaların tez-tez təmizlənməsi kompulsiv hissənin əlamətlərindəndir.
2. Yoxlamaq
Kompulsiv insanlar qapıları, pəncərələri, sobaları - ağla gələn hər bir elektron cihazı - kilidləndiklərinə və ya söndürüldüklərinə əmin olmaq üçün dəfələrlə yoxlayırlar. Bəziləri əmin olmadıqlarına görə sübut olaraq bunun fotosunu belə çəkə bilərlər.
3. Hərəkətləri təkrar etmək
Sözləri, rəqəmləri, ifadələri və ya duaları müəyyən sayda demək və müəyyən ritualları və ya davranışları yerinə yetirmək (məsələn, toxunmaq, göz qırpmaq, otağa girmək və çıxmaq) da vəsvəsə əlamətləri hesab olunur.
4. Sıralama və səliqəyə salma
Əşyaları müəyyən qaydada saxlamaq və ya otağı mükəmməl düzmək, müəyyən hərəkətləri müəyyən ardıcıllıqla yerinə yetirmək kimi təkrarlanan davranışlar da bu xəstəliyin əlamətləridir.
5. Təsdiq gözləmək kimi psixi əlamətlər
Başqalarından dayaq axtarmaq, hadisələri və ya söhbətləri təkrar-təkrar düşünmək (məsələn, pis olanı ləğv etmək üçün mənfi düşüncəni müsbət ilə əvəz etmək) kimi vəziyyətlər də vəsvəsə əlamətləri sırasındadır.
Zərifə Nağıyeva