Yuxudan oyananda və yatmazdan əvvəl telefondan qaçmaq səhərinizi daha təravətli keçirməyə kömək edəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, pozitiv bir səhərə oyanmaq istəyirsinizsə hazırlığınızı axşamdan görməlisiniz. 

Bildirilir ki, tam qaranlıqda 7,5-9 saat yatmaq lazımdır. Yatmazdan kompüterdə işləməyi və telefonunuzda xəbər lentinə baxmağı dayandırmalısınız. Bu, sağlam yuxuya kömək edən melatonin hormonunun istehsalına kömək edəcək.

Özünüzə zəngli saat olmadan oyanmaq üçün ideal vaxt təyin etməlisiniz. Fitnes qolbaqları və onlayn yuxu kalkulyatorları yuxu fazalarınızı hesablamağa kömək edir. Zəngli saatdan istifadənin qarşısını almaq mümkün deyilsə, zəng melodiyasını çox sərt olmayan melodiyaya üstünlük vermək olar. Mütəxəssislər zəngli saatı söndürüb 5-10 dəqiqə mürgüləməyi tövsiyə etmir. Bildirilir ki, bu, stress səviyyəsini artırır.

“Bu zaman orqanizm hələ də tam istirahət etmir və stress səviyyəsi artır. Eyni zamanda ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir və bu, illər keçdikcə ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər”, - deyə həkimlər bildiriblər. 

Yuxudan oyandıqdan sonra xəbərlərə və sosial şəbəkələrə baxmaqdan çəkinməlisiniz.  Oyandıqdan sonra bir stəkan su içmək məsləhətdir. Stress hormonu kortizolun istehsalının qarşısını almaq üçün ilk fincan qəhvənizi yuxudan oyandıqdan 1,5-2 saat sonra içmək daha yaxşıdır.

Gülayə Mecid