Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə “Helio sistemlərin problemləri və Günəş suqızdırıcılarının perspektivləri” mövzusuna həsr olunan elmi seminar keçirilib. 

"Unikal" xəbər verir ki, seminarda Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin (STMKS) dekan əvəzi, dosent Elgiz Həsənov, kafedranın müdiri professor Nurməmməd Məmmədov, kafedranın professor-müəlim heyəti və tələbələr iştirak ediblər. 

Elmi seminarda gənc tədqiqatçı, kafedranın assistenti Cəmil Quliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. 
 
Məruzəçi helio sistemlərin iki problemi-rezerv panellərinin sistemdə nəzərdə tutulmaması, günəşin sutqalıq vəziyyətindən asılı olaraq, günəş panellərinin quraşdırılma bucağının nəzərə alınmaması məsələlərini ortaya qoyaraq dərin araşdırmalar aparıb. Eyni zamanda tətqiqat işində yeni günəş suqızdırıcılarının konstruksiyası, iş prinsipi və onların mövcud suqızdırıcılardan fərqli üstünlüklərini də araşdırıb. Elmi seminar iştirakçılarına qoyulan problemlərdə gəldiyi nəticələr və təklif etdiyi həll yollarından danışıb. 

Elmi diskussiya şəklində aparılan müzakirələr seminar iştirakçılarının yüksək aktivliyi ilə keçib. 

Seminarda baxılan məsələlər, əsasən, Avrasiya Patent Təşkilatının (APT) Avrasiya Patent İdarəsindən alınmış müsbət ekspertiza rəyi və ixtira patentinə əsaslanıb.

Qeyd edək ki, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı olaraq AzMİU-da əlaqədar kafedra və elmi-tədqiqat laboratoriyaları tərəfindən intensiv iş aparılır.