Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, COP29-un Azərbaycanda keçirilməsi və Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəliklərə dəstək xarakterli olaraq, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ATMU Tələbə Gənclər Təşkilatı (TGT), COP29 Azərbaycan Əməliyyat şirkəti, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTI) birgə təşkilatçılğı ilə “Ekoloji gələcək həftəsi” adlı 1 həftə müddətində silsilə layihələr həyata keçirilir.

"Unikal" xəbər verir ki, layihənin ilk günü “Gənc Yaşıl İnnovatorlar” adlı festivalda ATMU-nun rektoru cənab İlham Mədətov tərəfindən açıq elan edildi. Cənab rektor çıxışında ilk olaraq cənab prezidentin sərancamını vurğulayaraq və ölkəmizdə keçiriləcək olan COP-29 tədbirinin faydalarından danışdı.

Açılış mərasiminə dəvət olunanlar arasında Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun müdiri Günay Bayramova və ATGTİ meneceri Bəxtiyar Quluzadə “Yaşıl dünya naminə” atılan addımlar Azərbaycan dövlətinin milli hədəfləri sırasında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılmasına töhfə vermək və qlobal çağırışlarda prioritet ölkələr sırasında yer almağın önəmli olduğunu vurğuladı.

Həmçinin qardaş Türkiyədən olan Emir Belli plastik tullantıların gələcək üçün yaratdığı təhlükənin gözardı edilməməsi və həlli yolları istiqamətində məlumat verdi.

Festivalın bədii hissəsi ATMU tələbələri Aysel Məmmədlinin "Azərbaycan Anaların Anası" ifası, Həsən Novruzlunun "Gənclik" rəqsi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Layihənin digər günü “Dayanıqlı İnkişaf Məqsədləri Tələbə gənclər üçün” adlı Panel müzakirəsinə həsr olundu. ATMU-nun Strateji İnkişaf üzrə prorektoru və həmçinin Dayanıqlı İnkişaf üzrə işçi komandanın sədri Araz Aslanlının gələcəkyönümlü dayanıqlı məqsədləri əhatə edən çıxışından sonra panel müzakirəsini açıq elan edildi.

ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi və Dayanıqlı İnkişaf üzrə koordinatoru İranə Axundova moderator olaraq panel müzakirəsinin məqsədindən bəhs edərək ATMU-nun dayanıqlı məqsədlər üzrə mövqeyi və bu istiqamət üzrə fəaliyyətlərin əhəmiyyətindən danışdı. Panel müzakirəsi spikerləri AR-nın Dövlət Turizm Agentliyi Qoruqları idarəetmə mərkəzinin mütəxəssisi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə işçi qrupunun üzvü Nərmin Hacızadə, ATGTİ-nin Beynəlxalq Əlaqələr və Donorlarla iş üzrə meneceri Aysu Məmmədova və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfir Hacı Mayılzadə təcrübə və tövsiyələrini dinləyicilər ilə bölüşdükdən sonra sual-cavab sessiyasında tələbələr aktiv iştirak etdilər.

Layihənin sonrakı 2 günü III “ATMUMUN Simulyasiya” konfransı adı altında öz işinə davam edib. Konfrans ATMU-nun Tələbə Klubları üzrə meneceri Yeganə Abbasova, ATMUMUN baş katibi Zəhra Əfəndiyeva “MUN” haqqında məlumat verdikdən sonra AZMUN katibliyinin üzvü Ferhad Abbasovun çıxışı ilə açıq elan edildi. Konfrans 2 komitənin birgə 70 nəfərdən çox nümayəndəsinin iştirakı ilə azərbaycan və ingilis dilində keçirilib və iştirakçılar sertifikatla təltif olunublar.

Həmçinin silsilə tədbirlərin 2 günü böyük tələbə komandasının təşviqi və iştirakı ilə Şıxov ərazisində təmizlik aksiyası və Müşfiqabad qəsəbəsində Böyük Ağacəkmə aksiyası keçirilmiş, “Yaşıl dünya naminə” şüarı ilə eko-mühitin tarazlaşdırılması üzrə dünyaya çağırış etmişlər.

Sonda 7 ali təhsil müəssisəsi (ATM) və kollecləri (orta ixtisas təhsil müəssisələrinin) tərəfindən hazırlanan plastik tullantılardan geridönüşüm sərgisində qalib ATM tələbələrinin təltifolunma mərasimi keçirilib

“Ekoloji gələcək həftəsi” adlı silsilə tədbirin bağlanış mərasimində ATMU TGT sədri Samir Abdullayev Dayanıqlı İnkişaf üzrə məlumatlılığın tələbələr arasında artırılması yönündə belə layihələrin davamlı olacağını bildirdi.