Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Goranboy rayon Ağsaqqallar Şurasının hesabat konfransında iştirak edib.

"Unikal" xəbər verir ki, konfransdan öncə millət vəkili, rayon rəhbərliyi, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvləri və ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə tər gül dəstələri qoyub. 

Hesabat konfransında çıxış edən Milli Məclisin üzvü Ağalar Vəliyev, Goranboy rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər natiqlər qeyd ediblər ki,  Azərbaycana rəhbərliyinin bütün dönəmlərində Ulu Öndər ağsaqqallara böyük ehtiramla yanaşıb. Məhz onun hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallığı təmin edilib.
Ağsaqqallar Şurasının bu günkü fəaliyyətinin, o cümlədən Goranboy rayonu da daxil olmaqla bölgələrimizdə mütəşəkkil qaydada təşkil olunan hesabat konfranslarının  Ümummilli Liderimiz  Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezidentimiz cənab İlam Əliyevin qloballaşan dünyamızın müasir çağırışlarına uyğun layiqincə davam etdirdiyi dövlət  siyasətinin sayəsində müstəqillik tariximizin ən qüdrətli dövrünə təsadüf etdiyi bildirilib.

Toplantıda Müzzəfər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz Şanlı Zəfərimizdən sonra Cənubi Qafqaz reqionunda yeni reallıqlarlar yaradan Azərbaycanın “Böyük Qayıdış” proqramını uğurla reallaşdıraraq daha böyük hədəflərə doğru inamla irəlilədiyi xüsusi olaraq vurğulanıb.

Ağsaqqallar Şurası olaraq bu gün qarşıda duran  ən ümdə vəzifələrin dövlət başçısının ətrafında sıx birləşərək onun uğurlu daxili və xarici siyasətinin dəstəklənməsinə və təbliğinə, xalqımızın milli-mənəvi dəyərlərini, habelə müasir inkişaf meyillərini nəzərə alaraq ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyətimizin aktual məsələlərinin həllinə  layiqli töhfələr verməkdən ibarət olduğu qeyd olunub.
Konfrans günü Ağalar Vəliyevin təşəbbüsü və maddi dəstəyi ilə Seçki Dairəsi üzrə Goranboy, Ağdam və Tərtər rayonlarından yaxın günlərdə Həcc ziyarətinə yola düşəcək  şəhid və qazi ailələrindən olan beş zəvvarla görüş keçirilib, deputat tərəfindən  onlara fərdi xərcləri üçün maliyyə vəsaiti təqdim edilib və müqəddəs ziyarətlə bağlı zəruri tövsiyələr verilib.