Çin Xalq Respublikasının Sədri Si Cinpin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Unikal"ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Hazırda Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində dinamik inkişaf tendensiyası müşahidə olunur. İki ölkə arasında siyasi etimad möhkəmlənir, “Bir kəmər, bir yol”un birgə tikintisi çərçivəsində əməkdaşlıq dərinləşir və beynəlxalq arenada sıx qarşılıqlı fəaliyyət həyata keçirilir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına yüksək diqqət yetirirəm və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsi və ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram".