Bakının müxtəlif məktəblərinin yuxarı sinif şagirdləri və kolleclərin sonuncu kurs tələbələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan “Açıq Qapı” günündə iştirak ediblər.

"Unikal" xəbər verir ki, AzMİU-nun təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunan “Açıq Qapı” günündə 1000-dən çox məktəbli və kollec tələbəsi iştirak edib.

AzMİU-nun Tədris işləri üzrə prorektoru professor Akif Qasımov məktəbliləri və kollec tələbələrini universitetdə görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin artıq ənənə halını aldığını diqqətə çatdırıb. O, çıxışında universitetin yaranma tarixi, mövcud ixtisaslar, fakültələr, ikili diplom və mübadilə proqramları, tələbə həyatı və s. barədə qısa informasiya verib, onlara gələcək ixtisas seçimlərində uğurlar arzulayıb.

Sonra “Açıq Qapı” iştirakçıları AzMİU-nun İdman Kompleksində təşkil olunan təqdimat sərgisi ilə tanış olublar. Burada universitetin fakültələri, aidiyyətı mərkəz və şöbələri tərəfindən bölmələr yaradılıb və həmin bölmələrdə öz profillərinə uyğun əyani materiallar, bukletlər sərgilənib.
 
Hər bölmədən olan məsul şəxs tərəfindən “Açıq Qapı” günü iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara qəbul qaydaları, ixtisaslar və gələcək karyera imkanları ilə bağlı ətraflı məlumat verilib.

Tədbir bədii hissə ilə davam edib. AzMİU-nun özfəaliyyət kollektivinin ifasında mahnılar səsləndirilib.

Sonda məktəblilər universitetin tədris binalarına baş çəkiblər, ayrı-ayrı fakültələri, auditoriya və tədris laboratoriyalarını gəziblər.